Biri varıdı, biri yoxudu, Yunan şəhərində bir Məmməd Həsən adında padşah varıdı. Bunun heç sonu, züryəti yoxudu. Özü də çox zalım padşahıdı. Hamı padşahlar bundan ehtiyat eləyirdilər. Bunun qonşusunda da bir naxırçı vardı. Bu naxırçının da sonu yoxudu. Padşah fikirləşdi ki, gün çıxandan gün batana kimi cəmi padşahlar məndən qorxur, özümün də varım-dövlətim yerə-göyə sığışmır. Amma neyləyim, bir züryətim yoxdu ki, mən öləndən sonra yerimdə qalsın.
Padşah gecə yatmışdı. Aləmi-vağyada gördü ki, buna deyirlər ki, ey padşah, səhər sübh namazından qabaq dur, get bağçadakı hovuzuna.
Orda suyun üzündə bir alma üzür, onu gətir ortadan tən yarı böl, yarısını ver qonşun naxırçıya arvadıynan yesin, yarısını da özün ye.
Padşah sübh namazından qabaq durdu getdi çarhovuzun qırağına.
Gördü bəli, çarhovuzda bir alma üzür, tez almanı götürdü gəldi evə.

Almanı bölüb yarısını göndərdi naxırçıya dedi:
– Arvadıynan yesin.
Yarısını da özü hərəmiynən yedi.
Ay keçdi, il dolandı, bunların hər ikisinin arvadlarının boynuna uşaq düşdü. Hər ikisi vaxt oldu ki, doğdular. Bunların hərəsinin gəldi bir oğlu oldu. Uşaqlarının hərəsini bir dayəyə verdilər. Bunlar bir yaşından gəldi iki yaşına, ikidən üçə, belə-belə altı yaşına çatanda uşaqları məktəbə qoydular. Padşah oğlunun adı Məlik Məhəmməd idi. Naxırçının oğlunun adı Məlik Əhməd idi. Bunları evdən çölə çıxmağa qoymurdular.
Bir molla tutmuşdular, gəlib ikisinə də dərs verirdi. Uşaqlar həmişə qapısı-bacası bağlı bir yerdə otururdular. Həyət üzü görməmişdilər.
Padşah aşpaza tapşırdı ki, nə badə bunların xörəyinə sümük qoyasan.
Uşaqlar hər ikisi gəldi on beş yaşa çatdı. Bir gün aşpaz götürüb uşaqların xörəyinə bir sümük qoydu. Bunlar xörəklərini yeyib sümüyü oynadırdılar. Sümük pəncərənin şişəsinə dəyib sındırdı. Birdən evə günün şoxu düşdü. Uşaqlar gördülər ki, evdə duvara bir göyçək şey düşüb. Başladılar bunu tutmağa, nə qədər elədilər günün şoxunu tuta bilmədilər. Molla gələndə gördü ki, uşaqlar qan-tər içindədi. Bunlar mollanı görəndə dedilər:
– Bizi niyə burda qırırsan, qoymursan çölü görək? Bax, çöldən nə göyçək şey düşür.
Molla gətirdi pəncərənin sınığından çölü bunlara göstərdi. Onlar gördülər ki, kimi quş oynadır, kimi gəzir, kimi də oynayır, hərə bir işnən məşğuldu. Çöl belə göyçəkdi ki, nə təhər... Mollaya dedilər:
– Get atamıza de, tay biz oxuyub molla olmayacağıq ha. İzin versin çölə çıxaq. Bir at da hazırlasın, ova gedək.
Molla gedib padşaha dedi:
– Uşaqlar deyir ki, bizə icazə versin çıxaq çölə. Özü də bir at yəhərləyib hazırlatsın ova çıxacağıq.
Padşah car çağırtdırdı, qoşunun hamısına xəbər verdi ki, mənim oğlanlarımın yanınca sabah ova gedəcəksiniz.
Məlik Əhmədnən Məlik Məmməd bir-birinə oxşayırdı. Ancaq Məlik Əhməd bir az Məlik Məmməddən ağıydı, yoxsa ikisi də bir-birindən seçilmirdilər.
Uşaqlar geyinib atlandılar, düşdülər yola, getdilər bir düzəngah yerə çıxdılar. Gördülər ki, bəli, burda bir ceyran otlayır. Qoşuna əmr elədilər ki, ətdən çəpər çəkin. Ceyran hər kəsin başının üstündən tullanıb getsə, boynunu vurduracağıq. Bunlar cərgəyə durdular, ceyranın dörd bir tərəfini tutdular. Ceyran o yana baxdı bu yana baxdı, Məlik Məmmədin başının üstündən tullanıb getdi.
Məlik Məmməd dedi:
– Bir adam mənim dalımca gəlsə, bu ad mənə qənim olsun, onu vuracağam.
Heç kəs qorxusundan getmədi. Oğlan dedi ki, gərək o ceyranı özüm tutam.
Hər iki qardaş yola düşdülər; ceyranı qova-qova gətirib qalaçaya saldılar. İstədilər ceyranın dalınca qalaçaya girsinlər, gördülər ki, bir oğlan çıxıb deyir:
– Ey padşahzadələr, mənim ceyranımı niyə qovdunuz?
Məlik Məmmədgil oğlana dedilər:
– Bizim şikarımızı ver, ceyran bizim şikarımızdı.
Oğlan dedi:
– Ay oğlanlar, sizə yazığım gəlir, yoxsa tilsimə salardım, heç çıxa bilməzdiniz.
Bu oğlan girib içəridən bir şəkil gətirib Məlik Əhmədgilə verdi, Məlik Əhməd gördü ki, bir qız şəklidi ki, Allah-taala xoş gündə, xoş saatda yaradıb. Bunu görən kimi, Məlik Məmmədin ürəyi getdi.
Bir azdan sonra ayıldı, bunlar geri qayıtdılar. Yol uzunu Məlik Əhməd buna təskinlik verirdi ki, heç fikir eləmə, qardaş, nə təhər olsa, o qızı ələ gətirərik. Nə fayda, qızın yerini bilmədik, hansı padşahın qızıdı. Məlik Əhməd elə bir pəhləvandı ki, Rüstəmə əvəz.
Qardaşına dedi:
– Qardaş, bu başı bədəndən gərək ya cida eləyəm, ya da o qızı tapam.
Məlik Məmməd evə qayıdıb şəkli gətirib qoydu atasının qabağına.
Atası dedi:
– Ey oğul, o boş fikirdi, bu qız yeddiqardaş devin bacısıdı. Mən düz yeddi dəfə onların üstə qoşun göndərmişəm, qoşunumu təmiz qırmışlar.
Onu almaq olmaz. Həmin qızın adına Gülü-Qahqah deyərlər. O qıza cəmi padşahlar aşıqdı, ancaq ələ gətirə bilmirlər. O qız tilsimlidi.
Mən sizə qoşun verə bilmərəm ki, aparıb qırdırasınız. O qızın bəlkə könlü olub, özü gəlsə, bu iş mümkündü.
Məlik Əhməd dedi:
– Ay qardaşlar, mənə qoşun lazım deyil, ancaq yolunu de ki, hara gedəcəyəm. Bu baş nə qədər ki, sağdı, gərək o qızı gətirəm.
Padşah dedi:
– Bəli, gündoğan tərəfə getsəniz, qızı tapa bilərsiniz.
Hər ikisi azuqəsini götürüb, atlarına minib sübh tezdən yola düşdülər.
Gün batanda gedib bir yerə çatdılar. Gördülər ki, qırx pilləkənli bir evin aynasınnan bir qız baxır. Bunu görəndə Məlik Məmmədin az qaldı ürəyi getsin. Məlik Əhməd ona bir az təsəlli verib dedi:
– Bizi biabır eləmə, özünü toxdat.
Qız da Məlik Məmmədi görən kimi, bir könüldən min könülə aşiq oldu. Qız dedi:
– Ey oğlan, mənə çox padşahlar aşiqdi, amma qardaşlarım onların qoşununu qırıb tərk edib, məni heç kəsə vermirlər, ancaq sənə indi bir şey öyrədəcəyəm. Mənim bir taxtam var ki, gərək suda elə axıdasan suya dəyməyə. Bir də bir qazanım var, yeddi dəmirçi hərəsi onun bir küncündə oturub çəkic döyür. Qazan o qədər böyükdü ki, bunların səsi, bir-birinə çatmır. Gərək onu suynan doldurub götürəsən bir gilə də su yerə düşməyə. Mən də qardaşlarıma demişəm ki, hər kəs taxtanı axıtsa, o qazanı da doldurub gətirsə, ona gedəcəyəm. Gələndə sənə deyəcəklər ki, bu taxtanı axıt, qazanı doldur. Onda sən de ki, taxta, Gülü-Qahqah eşqinə nə sən suya dəy, nə su sənə. Qazanı da doldur, deynən: qazan, Gülü-Qahqah eşqinə qalx. Qazan özü qalxacaq. O vaxt qardaşlarım heç söz deməyib, məni sənə verəcəklər.
Axşam oldu, qızın qardaşları gəlib gördü ki, iki oğlan oturub. Birinin sifətinə baxanda elə bil Rüstəm qəbirdən dirilib gəlib. Böyük qardaş dedi:
– Mənim bacımın bir taxtası var, onu gərək elə axıdasan ki, nə taxta suya, nə su taxtaya dəyə. Bir də qazan var yeddi dəmirçi hərəsi bir küncündə çəkic döyür, onların səsi bir-birinə getmir. Onu da suynan doldurarsan, elə götürərsən ki, bir gilə də su yerə düşməyə. Əgər onları eləyə bilməsəniz, ikinizin də boynunu vurduracağam.
Oğlan qazanın qulpundan yapışıb basdı suya, dedi:
– Gülü-Qahqah eşqinə, qazan, qalx.
Qazan qalxdı. Sonra oğlan taxtanı götürüb atdı suya, dedi:
– Taxta, Gülü-Qahqah eşqinə nə suya dəy, nə su sənə dəysin.
Bəli, taxta sudan bir az qəlbi axmağa başladı. Qardaşlar bunu görən kimi bir molla gətirib qızın kəbinini Məlik Məmmədə kəsdirdilər.
Məlik Məmməd qıznan oturub evdə söhbət edirdi. Şikara da gedəndə bu qızın yeddi qardaşı, bir də Məlik Əhməd gedirdi. Bir gün qıznan Məlik Məmməd söhbət edirdi, birdən əlini bunun kürəyinə vurdu, bir yumru var, dedi:
– Ay qız, deyirlər hər gözəldə bir eyb olar, bu yumru nədi?
Qız dedi:
– O, eyb deyil. Mənə bir ağ dev aşiqdi, qırx ildi onu tutub salmışam tilsimə. Bu, o tilsimli evlərin açarıdı.
Məlik Məmməd o saat dedi:
– Gərək o evləri açıb, devi mənə göstərəsən.
Qız dedi:
– Gəl açdırma qapıları, açsam dev məni götürüb aparacaq.
Nə qədər elədisə olmadı, yenə dedi:
– Məlik Məmməd, gəl açdırma, açsan ta məni görməyəcəksən.
Məlik Məmməd dedi:
– Xeyr, aç!
Qız qapıların otuz doqquzunu açıb, qırxıncıda dedi:
– Məlik Məmməd, gəl açdırma.
Məlik Məmməd dedi:
– Xeyr, aç!
Qız yenə dedi:
– Qapını açan kimi, dev məni aparacaq, gəl açdırma.
Oğlan dedi:
– Xeyr, gərək açasan!
Qız qapını açdı. Açan kimi dev qızı götürüb, ya Əli mədəd deyib getdi. Məlik Məmməd qaldı məəttəl, bilmədi ki, nə eləsin.
Bu qalsın burda. Sizə kimdən xəbər verim, Məlik Əhmədgildən.
Bunlar baxırdılar, gördülər dev qızı aparır. Qızın qardaşları dedi:
– Evin dağılmasın, Məlik Əhməd, qızı dev apardı.
Məlik Əhməd o saat atını minib, üz çevirdi qızın dalınca, Məlik Məmməd də qardaşların yanında qaldı.
Məlik Əhməd dedi:
– Qırx günün səfərinə gedirəm. Qırx günəcən gəldim-gəldim, gəlmədim heç.
Məlik Əhməd üz qoydu getməyə. O qədər getdi ki, çıxdı bir şəhərə. Gördü burda bir adam var, adına Əhmədi-Kəmxörək deyirlər.
Məlik Əhməd soruşdu:
– Buna niyə Əhmədi-Kəmxörək deyirlər?
Cavab verdilər ki:
– Çünki gündə yarım put düyünün xörəyini yeyir.
Əhmədi-çilingi adlı bir adam da varıdı. Bu Əhmədi-Kəmxörəknən Əhmədi-çilingi Məlik Əhmədi görən kimi, onu apardılar, bir quyunun başına; kəndiri bunun belinə bağladılar saldılar quyunun içinə.
Məlik Əhməd girib gördü ki, dev başını qızın dizinə qoyub yatır.
Qız Məlik Əhmədi görən kimi dedi:
– Vay, Məlik Əhməd, niyə gəldin bura. Bu bir məlundu ki, oyansa, səni öldürəcək, çıx get.
Oğlan dedi:
– Sən dinmə.
Qız dedi:
– Məlik Əhməd, sən gətir bunu yavaşca öldür.
Məlik Əhməd dedi:
– Mən namərd deyiləm namərdliknən adam öldürəm, mən mərdliknən öldürəcəyəm.
Bunu deyib qılıncı sivirdi, başladı devin dabanını ovmağa. Dev yuxudan bidar olub, qıza bir şapalaq çəkdi ki, niyə qoyursan məni milçək yeyə.
Məlik Əhməd bir nərə çəkdi ki, az qaldı dağ-daş titrəsin. Dev yuxudan ayılıb əlini atıb Məlik Əhmədin toqqasından yapışdı. Yeddi dəyirman daşını bir daşa nəsb eləmişdi. Bunu götürüb, qalxızdı, gətirdi ki, Məlik Əhmədin başına salsın. O saat Məlik Əhməd devin başına bir qılınc çəkdi. Devin başı iki parça olub, canı cəhənnəmə vasil oldu.
Burdan qızı da götürüb gəldi quyunun ağzına.
Qız dedi:
– Əvvəl sən çıx. Mən çıxsam, səni quyuda qoyub, məni apararlar.
Məlik Əhməd dedi:
– Xeyr, çıx.
Qız dedi:
– İndi ki, belədi, mən çıxıram, əgər səni quyuda qoysalar, al, bu düdüyü çal. Onda boyu bir qarış, saqqalı iki qarış gəlib deyəcək ki, bir də çal. Onda sən de ki, məni çıxart, bir də çalım. Nə vaxt onu çalsan, o saat yanında hazır olacaq. Nə istəsən hazır edəcək.
Məlik Əhməd qızı bir sandığa qoydu, bağlayıb dedi:
– Çəkin.
Quyunun başındakılar qızı çəkdilər, gördülər bir qızdı ki, heç olmayan kimi. Qızı götürüb getdilər. Məlik Əhməd qaldı quyuda. O, düdüyü çaldı, o saat boyu bir qarış, saqqalı iki qarış gəlib dedi:
– Nə qəşəng çaldın, bir də çal.
Məlik Əhməd dedi:
– Məni burdan çıxart, çalım.
O, Məlik Əhmədi götürüb quyudan çıxartdı. Çöldə düdüyü bir də çaldı.
Məlik Əhməd quyudan çıxandan sonra gəlib çıxdı bir şəhərə.
Gördü Əhmədi-Kəmxörək qıza toy eləyir. Qız da deyir gərək mənim özümün qızıl məcmeyim, qızıl teştim gələ.
Məlik Əhməd gəlib zərgara şəyird oldu. Bunlar da zərgara qızıl gətirdilər ki, bir qızıl teşt, bir qızıl məcmeyi qayırsın.
Zərgar dedi:
– Mən bacarmaram.
Məlik Əhməd dedi:
– Al, mən qayıraram.
Zərgar dedi:
– Sən dünənki şəyird, nə bacarırsan?!
Məlik Əhməd dedi:
– Sənin işin yoxdu, sən al, mən qayıraram.
Zərgar qızılı alıb dedi:
– Bəli, sabah gəlib apararsınız.
Bunlar gedən kimi Məlik Əhməd düdüyü çaldı. Boyu bir qarış, saqqalı iki qarış hazır oldu. Ona dedi:
– Gedərsən həmin devin teştini, məcmeyisini gətirərsən.
Boyu bir qarış, saqqalı iki qarış o saat gedib gətirdi. Səhər gəlib zərgərdən teştnən məcmeyini alıb apardılar. Qız gördü ki, öz teşti, öz məcmeyisidi. O saat bildi ki, Məlik Əhməd gəlib. Məlik Əhməd bir də düdüyü çaldı, yenə boyu bir qarış, saqqalı iki qarış gəldi. Məlik Əhməd dedi:
– Gedərsən həmin devin atını, qılıncını, geyimini gətirərsən.
Bu, o saat gətirib əsləhəni tökdü Məlik Əhmədin qabağına. Məlik Əhməd altdan geyindi, üstdən qıfıllandı, qılıncı bağladı, qalxanı götürdü düşdü yola. Əhmədi-Kəmxörək də geyinmişdi ki, bəli, gəlin gəlir.
Atlılar gördülər uzaqdan bir atlı gəlir, elə bil Rüstəmdi qəbirdən dirilib. Bunlar hamısı xofa düşdülər. Məlik Əhməd yetişib, ƏhmədiKəmxörəyin də, Əhmədi-çilinginin də boynunu vurdu. Qızı da, Əhmədi-Kəmxörəyin bacısını da götürdü, üçü də atlanıb yola düşdülər.
Yeddi qardaşnan Məlik Məmməd şikardaydı. Qırx gün tamamdı, gördülər üç atlı gəlir. Bunlar dedilər:
– Gərək iki olaydılar, bəs niyə üçdülər?
Gəldilər bunlar Məlik Əhmədin yanına. Bir iki gün də burda qaldılar.
Məlik Əhmədgil ehtiyat gördülər ki, yola düşüb getsinlər öz vilayətlərinə.
Bunları devlər cah-calalnan, qoşunnan yola saldılar.
Qız dedi:
– Məlik Əhməd, mənim yolumda çox əziyyət çəkmisən, amma qoy sənə bir söz deyim. Padşah mənə aşiqdi. O bir at göndərəcək ki, oğlum minsin gəlsin. Məlik Məmməd minən kimi, at onu yerə vurub öldürəcək. At gələndə onu sən vur öldür. Ondan sonra bir qızıl quş göndərəcək, o quş da Məlik Məmmədin gözünü çıxardacaq. Onu da öldürərsən qoymazsan ki, Məlik Məmmədin gözünü çıxartsın.
Bunlar öz atalarının şəhərinin yanına çatdılar. Atası eşitdi ki, oğlu Gülü-Qahqahı gətirir. O saat oğlunun qabağına bir at göndərdi. At gələn kimi Məlik Əhməd vurub atı öldürdü. Sonra padşah bir qızıl quş göndərdi. Quşu da bir ox-yaynan vurub öldürdülər.
Qız dedi:
– O padşah yaman cadügündü. Bir ism-əzəm oxuyub olacaq bir ilan, girəcək bir otağa. Məlik Məmməd də o otağa girəndə vurub onu öldürəcək. Onda sən Məlik Məmməd içəri girməmiş o ilanı öldür.
Padşah əmr elədi ki, oğlum girsin otağa. O otağı ondan ötəri tikdirmişəm.
Məlik Əhməd tez gedib gördü padşah ilan olub ki, Məlik Məmmədi vursun. Məlik Əhməd fürsəti fota verməyib ilanı öldürdü. Məlik Məmməd gördü ki, Məlik Əhməd ilanı vuranda, bu ilan bir nərə çəkdi ki, ay Məlik Məmməd, bəs adam atasını öldürərmi? Gördülər, padşah ölüb düşdü yerə. Məlik Məmməd dedi:
– Bu sirrdən məni agah elə, görüm o atı, o quşu, o ilanı niyə öldürdün?
Məlik Əhməd dedi:
– Gəl xəbər alma, sənin yolunda mən başımı fərmanda qoymuşam, gəl bu sirri açmayaq.
Məlik Məmməd təkid elədi. Məlik Əhməd dedi:
– Bilirsən nə var. Sənin atan qıza aşiqdi. O qız üçün o qədər qoşun göndərirdi ki, alsın, qızın qardaşları qoşunu qırırdılar. Atan atı onun üçün göndərmişdi ki, minəndə səni vurub öldürsün.
Bu sözü deyəndə Məlik Əhməd yarıyacan daş oldu.
– O quşu da onun üçün öldürdüm ki, sənin gözünü tökəcəkdi.
Bu sözü deyəndən sonra da toqqayacan daş oldu.
– İlanı da onun üçün öldürdüm ki, o da səni içəri girəndə vuracaqdı.
Məlik Əhməd sözlərini qurtarandan sonra tamam daş oldu yıxıldı qapının ağzına.
Məlik Məmməd atasının taxtına sahib olub padşahlıq eləməyə başladı. Amma Məlik Əhmədin daş olmasından çox keyfsizləşdi. Ay ötdü, il dolandı, bunun külfətinin boynuna uşaq düşdü. Bu arvad barihəmlini vaxt oldu ki, yerə qoydu. Gəldi bunun bir oğlu oldu. Bir gün gördülər ki, üç göyərçin gəldi qondu ağaca. Biri dedi:
– Bacılı-bacılı, bu padşahı tanıyırsanmı?
O biri cavab verdi:
– Yox, bacı, tanımıram.
Bacısı ona dedi:
– Bu filan naxırçının oğludu ki, Məlik Əhməd onun yolunda nə zəhmətlər çəkdi. Onun arvadını tilsimlərdən qurtarıb verdi özünə.
O biri göyərçin dedi:
– Bacılı-bacılı, bu uşağın nənəsi qıyıb uşağının başını daşın üstündə kəssə, Məlik Əhməd asqırıb durar.
Gülü-Qahqah bunu eşidən kimi dedi:
– Yüz belə oğlan qurban olsun Məlik Əhmədə.
Uşağın başını daşın üstə kəsdi. O saat Məlik Əhməd asqırıb durdu ayağa. O biri göyərçin də bunu görəndə dedi:
– İndi ki belədi, mən də bir lələk salacağam, anası uşağının başını qoysun üstə, o lələyi çəksin, onda uşaq anadandoğma kimi olacaq.
Bunu deyib bir lələk saldı. Uşağın başını bədəninə qoyub, lələyi çəkdilər, o saat başı bitişib oldu anadandoğma.
Onlar yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.

Top