Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.
        Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.
        Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən.
        Mənim vətənim Azərbaycandır. Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çoxəsrlik tarixini vərəqləyək.
        Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda respublikamızda yaşı bir neçə min il olan Azıx mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.
        Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. igidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox «mənəmmənəm » deyən hökmdarlar Azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi iiə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadınının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünəlayiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələrdə qalmışdır. Bu gün öz keçmişi ilə - Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətayisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
        Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə arxalanıb. XX əsrin sonları da yurdumuzun başından acı külək kimi əsdi. İllər boyu bizə sığınaraq əziz tikəmizi yeyən nankor ermənilər rus hərb maşınına arxalanaraq qısqırdılmış itlər kimi Azərbaycanı sınağa çəkdi. Belə bir vaxtda yenə də yurdumuzun igid oğulları onun köməyinə gəldi. Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda canlarını qurban verməyə hazırdırlar.
        Azərbaycan mənim vətənimdir və mən bu diyarı ürəyim qədər sevirəm. Mən bu diyarın oğluyam və lazım gələrsə, canımı da, qanımı da Vətənə fəda etməyə hazıram.

 
Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başını ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!
Top