Biz azad Azərbaycanımızın azad vətəndaşlarıyıq. Hər bir ölkənin gələcəyi onun xalqının səviyyə və dünyagörüşündən, milli kimliyindən, tarixi keçmişindən çox asılıdır. Vətənin gələcəyi onun dövlətinin, xalqının gələcəyi olan yeniyetmə, gənc nəslin fəaliyyəti ilə əlaqədardır. Bu baxımdan hər bir ölkənin keçmişi onun gələcəyini birbaşa xarakterizə edir. Xələflər öz sələflərinin davamçısıdir. Çünki müasirlik keçmiş üzərində bərqərar olur. Yəni gənclik böyük, tükənməz bir qüvvədir. Gənclər vətənin işıqlı sabahı, nurlu gələcəyidir.
        Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq böyük qüvvədir.
        Şükürlər olsun ki, bizim azad, müstəqil, suveren Azərbaycanımız var. Bu azadlığı biz canımız, qanımız bahasına min bir əzabla qazanmışıq. Bu gün onun firavan inkişaf etməsi, öndə gedən dövlətlər sırasında addımlaması üçün prezidentimiz başda olmaqla xalqımız hər cür vasitələrdən istifadə edir. Vətənimizin çiçəklənməsi, fəxri yerlərdən birini tutması üçün dövlət başçımız fərman və qərarlar verir. Prezidentimizin «Gənclər siyasəti haqqında» imzaladığı qanunda Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini təşkilatihüquqi əsaslarını müəyyən edir.
        Gənclər siyasəti- gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimaisiyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmişdir. Buna görə də ölkəmizdə böyüməkdə olan hər cür qayğı ilə əhatə olunub. Dövlət tərəfindən gənclərin asudə vaxtlarının təşkili fiziki və peşə hazırlığına mənəvi səviyyələrinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir.
        Ulu öndərimiz Azərbaycan gəncinə yüksək qiymət verərək deyirdi: «Hər bir Azərbaycan gənci müstəqil dötvlətimizin fəal qurucusu olmalıdır.» Heydər Əliyev gənclərin qarşısında böyük vəzifələr durduğunu vurğulayaraq qeyd edirdi ki, qarşımızda çox böyük yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur. O yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Ulu öndərimiz Azərbaycan gəncinin cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalı olduğunu qeyd edirdi.
        Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.
        Ulu öndərimiz Heydər Əliyev deyirdi: «Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni, ölkəni, torpağı, millətini, xalqını, dilimizi, dinimizi milli adət-ənənələrimizi sevməlidir.
        Aqil insanlar təhsilsiz cəmiyyəti qaranlıq bir tunelə bənzətmişlər. Bu cəhətdən dövlətimizin təhsil sisteminin yenilənməsinə göstərdiyi qayğı - məktəb tikintisinin vüsət alması, məktəblərin maddi-texniki bazasının möhkəmlənməsi, dərsliklərin pulsuz paylanması və s. Gənc nəslə olan qayğı və məhəbbətin bariz nümunəsidir.
        Gənclərimizə olan qayğı və hörmət əlaməti olaraq hər il 2 fevral ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Artıq Azərbaycan gəncləri təşkilatlanıb, birləşib, cəmiyyətdə öz yerlərini tutublar. Onlar müstəqil Azərbayanın inkişaf etməsi üçün lazımi işlər görürlər.
        Bu gün Azərbaycanımız vüsətlə inkişaf edib çiçəklənir. Gənclərimiz cəmiyyətdə öz yerlərini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər. Azərbaycan gəncləri müxtəlif dövlət orqanlarında, icra strukturlarında geniş təmsil olunur. Özəl bölmələrdə uğurlar qazanır, mükəmməl təhsil almağa böyük maraq göstərirlər. Ordu quruculuğunda gənclərin rolu əvəzsizdir. Onlar vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə orduya xidmət edir. Hərbi texnikanın sirlərinə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.
        Biz keçmişimizlə, tarixi qəhrəmanlarımızla öyünsək də bu gün qəlbimizdə Qarabağ yarası var. Torpaqlarımızın 20 %-dən çoxu düşmən tapdağındadır. Saysız-hesabsız şəhidlər, qurbanlar vermişik. Bu gün şəhid ruhları narahatdır. Narahatdır, ona görə ki, dilbər guşəmiz Qarabağımız əzizdir, yağı düşmən ayaqları altında inləyir, sızıldayır, qəlbi qan ağlayır. Qarabağ...

 
... Zirvələrin buzu, qarı,
Axıb gəlir mənə sarı.
Çıxıb Şuşadan yuxarı,
Məni boz qurdlar ağlasın.

        Bu torpaqları biz xilas etməliyik. Buna əminəm, çünki biz Azərbaycanımızın işıqli sabahıyıq. Günəş sabahlar doğar.
Top