Həyat nədir kim deyər
Onu yaşayanlar bilər.

        Həyatda cismani yaşamaq tam yaşamaq deyil. Onu mükəmməl yaşamaq əsl yaşamaqdır. Həyatı qayğısı, zəhməti, əziyyəti, sevinci, kədəri, hüznü, rahatlığı ilə azı-çoxu, işığı, qaranlığı ilə yaşamaq əsl yaşamaqdır.
        Mənalı həyat deyərkən onu dolğun bir həyat kimi dərk edirəm.
        «Həyat sənin baxışında məna qazanar; ya təkcə bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə varmazsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan axıb gedən zaman məna qazanar.»
        Hər bir insanın fərqli baxış bucağı olduğu üçün o, həyatın mənasını da müxtəlif cür dərk edir.
        Kimi həyatın mənasını sevdiklərində və sahib olduğu hər bir şeydə görür. Kimi düşünür ki, hər şeyə olan sevgi onun həyatının mənasıdır. Kimisi fikirləşir ki, həyatın mənası - enişli-yoxuşlu, bəzən güldürən, bəzən ağladan, bəzən sərt, bəzən şirin, bəzən acı, bəzən udan, bəzən uduzan, bəzən mübarizə aparan, bəzən məğlub olan, bəzən də dəniz kimi coşqulu olmasındadır.
        Kimi həyatın mənasını sevdiklərinin əhatəsində olmasında, kimi vardövlətdə, kimi ali təhsil alıb vətəninə, xalqına xidmətdə və s. görür.
        Məncə həyatın mənası bitib-tükənməyən arzulardadır, həyat eşqi, həyat sevgisindədir.
        Mənim arzularım çoxdur, orta məktəbi uğurla bitirib ali məktəbə qəbul olmaq, həkimlik sənətinə yiyələnmək. Xalqıma, vətənimə sağlam nəslin yetişməsində vicdanla xidmət etmək.
        Təmiz, saf məhəbbətə söykənən ailə qurmaq. Sağlam övlad dünyaya gətirmək, onları ağıllı, savadlı, tərbiyəli, vətənpərvər yetişdirmək. Bütün bunları həyata keçirmək üçün yüksək elmə, savada yiyələnməli, çox çalışmalı, zəhmət çəkməliyəm. Çünki «Meyvə barı ilə tanınar, insan əməlləri ilə.»
        Əsrlər və minilliklər keçir insan yaşam tərzini, təcrübəsini artınr, kamilləşir. O zaman insan həyatının mənasını bir daha dərk edir. Həyatın mənasını dərk edən insanın həyat tərzi də gözəl və mənalı olur.
        Həyatın mənası çox şeydən asılıdır. Əgər insan hər hansı bir düşüncəyə malikdirsə, rahatlıq huzuru varsa onun həyatı mənalıdır.
        Bir başqasına görə həyatın mənası yaşamaq mübarizə aparmaqdır. Yaşam varsa, həyatın mənası da var.

 
Həyatı məhv edir ölüm savaşı,
Axmasın həyatda Ana göz yaşı.
Həyat bir qızıldır, insan daş-qaşı,
Həyatın mənasın nədə görürsən.

        Həyatın mənası hər bir insanın öz əlindədir. Ağıllı, kamil insan həyatını istədiyi kimi mənalı qura bilər. Həyatını necə yaşaması onun öz əlindədir.
        Həyat öz axarı ilə davam edir. O həyatı biz insanlar mənalı yaşamamızla çiçəkləndirib, cənnətə çevirə bilərik.
        Arzu edirəm ki, həyatımız da, vətənimiz də çiçəklənib cənnətməkana çevrilsin. Biz vətən övladları onun qoynunda firavan, mənalı həyat tərzi yaşayaq!
Top