Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir, bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
        Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
        Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsi ilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə cəhd edir.
        Mənim ana dilim Azərbaycan dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir.
        Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epidozları çatdırmağa qadir bir dildir.

 
Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
ilk dəfə dünyaya göz açanda mən,
Qəlbimə günəşin özüylə axdın.

        Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söylənmişdir. Azərbaycan dili ecazkar bir dildir. Azərbaycan dili haqqında yazıçı Mirzə Ibrahimovun fikri çox maraqlıdır. O yazır: «Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur».
        İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyi ilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.
        Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.
        Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Mən Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı görkəmli şairimiz Nəbi Xəzrinin şeirindən götürülmüş bir bəndlə bitirmək istəyirəm:

 
Ucalır bağçada bülbülün səsi,
Çay susur, əsməyir çəməndə yel də.
Nə qədər doğmadır onun nəğməsi
Bülbül də elə bil ötür bu dildə.
Top