Orta məktəbin yuxarı siniflərində oxuyanda adamı belə bir sual düşündürür. Hansı sənəti seçməli? Hansı peşənin ardınca getməli? Bu çox məsuliyyətli bir seçimdir. Insan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Doğrudur, sənətlər, peşələr arasında seçki qoymaq, «bu yaxşıdır», «bu pisdir» - deyib onları ayırmaq olmaz. Cəmiyyətə faydalı əməklə bağlı bütün sənət və peşələr şərəflidir. Sənətin pisi olmaz, sənətkarın pisi ola bilər. Lakin hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcək sənətin, peşənin ardınca getməlidir. Yoxsa bir də görürsən ki, dərslərini yaxşı oxumayan bir uşaq gələcəkdə hüquqşünas və ya şərqşünas olmaq istəyir. Doğrudur, bu, heç də pis arzu deyil. Amma bu arzuya düşən adam gərək gecəsini gündüzünə qatsın, əlindən kitab düşməsin. Yoxsa təkcə arzu etməklə iş düzəlmir. Arzuya çatmaq üçün əziyyət çəkmək, hər cür zəhmətə qatlaşmaq, ən əsası isə yaxşı oxumaq lazımdır.
        Mən də özümə peşə seçmişəm. Ola bilər ki, bu peşəni seçməyim bəzilərinə bir qədər qəribə görünsün. Amma dənizçilik peşəsi mənim daha çox xoşuma gəlir. Dənizçilər hər yerdə olur, hər yeri gəzir, çox maraqlıdır. Lakin məni bu peşəyə cəlb edən onun yalnız maraqlı olması deyil, dənizçilərin cəsur və qorxmaz insan olmalarıdır.
        Mən dənizçilərin həyatından bəhs edən çoxlu kitab oxumuş, xeyli kinofilmə tamaşa etmişəm. Artıq bilirəm ki, dənizçilər çox igid, cəsur və qorxmaz olurlar. Onlar dəhşətli tufanlara, fırtınalara qalib gəlməyi bacarır, heç bir çətinlikdən qorxmurlar. Müharibə həyatından bəhs edən bəzi kinofilmlərdə dənizçilərin göstərdiyi şücaətlər adamı lap heyran qoyur.             Dənizçilərin gözəl və vüqarlı geyimləri, çox sağlam və gümrah bədənləıi olur. Küçədə dənizçi geyimində adamları görəndə onlara həsədlə baxır, onları dünyanın bəxtəvəri hesab edirəm. Mən böyüyəndə mütləq dənizçi olacağam, lentli papaq geyinəcəyəm. Mavi okeanlardan keçib müxtəlif ölkələrlə tanış olacaq, Xəzərimin doğma sularında üzəcəyəm. Son olaraq ürəyimdən keçən arzumu şeiriə ifadə etmək istəyirəm:

Dənizçi olmağı istəyirəm mən,
Bu arzu uşaqkən girib qəlbimə.
istəyirəm dənizləri fəth edib,
Xeyir verim torpağıma, elimə.
Top