Bu yazımda ana adının müqəddəsliyi haqqında söhbət açmaq istəyirəm. Bu adın özündə o qədər məğrurluq, əzəmət var ki, hisslərim təlatümə gəlir, damarlarımda qanım coşur, ağır bir imtahan qarşısında olan kimi dərin məsuliyyət duyuram. Bu nəhəng qüvvənin qarşısında biz həmişə baş əyirik, ona səcdə edirik. Ana müqəddəsdir, ana ülvidir, ana əzizdir.
Belimin sütünu, gözümün nuru,
Aydan arıdır o, sudan da duru,
Canımın atəşi, odu, qüruru,
Həyat çırağımın yağıdır ana.
Ana! Mehriban, doğma varlıq! Biz övladlar səndən gözlərinin işığını, gəncliyinin təravətini alırıq. Biz böyüdükcə sən qocalırsan, ay ana! Saçlarına dən düşür, mehriban çöhrəndə qırışlar yaranır. Bu qırışlar bizim yolumuzda çəkdiyin iztirab və həyəcanların izidir.
Gözümün nuru, canım ana!
Böyütdün sən bizi yana-yana.
Qədrini el bilər,
Ətrini gül bilər,
Saçının ağına, qarasına qurbanam,
Ömrünün o şirin laylasına qurbanam.
Körpə ikən ana qayğısına, ana nəvazişinə, ana əllərinin sığalına daha çox ehtiyac hiss edirik. Analarımız ağır dəqiqələrimizin ortağı, yuxusuz gecələrimizin keşikçisidirlər. Mehriban ana əli, ana sığalı bizim ağrılarımızı ən qiymətli həkim dərmanından daha tez, daha sehrkarlıqla sağaldır. Biz analarımızın qanadlı arzuları, bitməz-tükənməz diləkləriyik. Ana! Dünyada sənin ürəyin qədər geniş, sənin məhəbbətin qədər dərin bir məhəbbət təsəvvür etmək çətindir. Bəstəkarlar ürək titrədən mahnılarını, rəssamlar ən təsirli əsərlərini, şairlər ən qiymətli şeirlərini sənə həsr edirlər.
Dünyada anadan şirin, anadan gözəl, anadan əziz varlıq təsəvvür etmək mümkün deyildir. Biz beşikdə yatdığımız zaman o, bizim gələcək həyatımızı düşünür. Soyuq, boran olsa belə, biz ananın mehriban və isti qoynunda yuxuya gedirik. Qəlbi göynəyir, ağrımızı ürəyinə qəbul edərək onu azaltmağa çalışır.
Mənim anam çox mehriban və ağıllıdır. Mən anamı çox sevirəm. O, mənim həyatım, varlığımdır.
Əlimdə olsa da, min bir işlərim,
Ana, yanında bir heç sanaram onu.
Mən qurban edərəm sənə hər şeyi,
Səcdənə gələrəm ömrüm uzunu!