Xalqımızın qəlb şairi, gözəl və nəcib duyğular şairi Mikayıl Müşfiqin ürək titrədən misralarını başlıq kimi yazaraq fikirləşirəm. Gözlərim qarşısında Azərbaycanın qanlı-qadalı tarixi keçmişi canlanır. Bu iki misrada Azərbaycan övladlarının tarixi qəhrəmanlıq ruhu, Vətən qarşısında borcu, amalı çox məharətlə əks olunsa da, bu mənanı açmaq böyük ustalıq tələb edir. Buna mənim gücüm çatmır. Axı kiçik bir yazıya böyük bir ürəyi - Azərbaycanı necə yerləşdirim?
Azərbaycan! Doğma yurdum, doğma vətənim! Ürək sözlərimi sənə xitabən yazmaq istəyirəm.
Tarixinin hansı səhifəsini vərəqləyim? Bəlkə, dünyada üçüncü tapıntı sayılan ən qədim yaşayış məskənindən - Azıx mağarasından söhbət açım? Bəlkə də, od, atəş, övladları - Qorqud övladları yaradıb bu mağaranı?
Bəlkə, dünyaya sahib olmaq iddiası ilə yürüş keçirən Əmir Teymura göz dağı olan Əlincə qalasının aslan ürəkli igidlərindən söz açım? Yox, qoy elə qoç Koroğludan, igid Nəbidən, qəhrəman Həcərdən danışaq. Qəlbimdə Babəkin harayını eşidirəm. Azərbaycanı vahid bayraq altında birləşdirməyə çalışan şah babamızın - Şah ismayıl Xətayinin səsi qulağıma gəlir. Elə bil haradansa həzin bir nəğmə axıb qəlbimə dolur:
Azərbaycan! Elim, obam, məskənim,
Könlüm bu torpağın sorağındadır.
Əsl qəhrəmanlar, əsl igidlər,
Doğma Azərbaycan torpağındadır.
Birdirmi, ondurmu, yüzdürmü qəhrəmanlıqlarla dolu səhifələrin, anam Azərbaycan?!
Son dövr hadisələri, zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycan övladları indi də hər cür qəhrəmanlıq göstərməyə, Vətənin şöhrətini ucaltmağa qadirdirlər. 1988-ci ildən bəri azğın düşmənlərə sinə gərib dayanan oğul və qızlarımız sübut etdilər ki, Vətən həmişə Vətəndir. Vətəni vətənləşdirən onun qeyrətli və cəsur övladları, vətəndaşlarıdır. Doğrudur, vətənə xəyanət edənlər, onun çörəyini yeyib nankor çıxanlar, düşmən qarşısından qaçan fərarilər də mövcuddur. Elə Koroğlu zamanında da Keçəl Həmzələr olub. Lakin Vətənin tarixini yazan Keçəl Həmzələr yox, qoç Koroğlular olub. Azərbaycan yenə də öz qəhrəman övladları ilə fəxr edə bilər.
«Torpaq - uğrunda ölən varsa Vətəndir!» - deyirlər. Şəhidlər xiyabanında uyuyan igidlərimiz - ölümü ilə ölümsüzlüyə qovuşanlar bu deyimi daha parlaq şəkildə sübuta yetirdilər. Vətən anadır və bu ananın xoş günü naminə canını qurban verənlər ən xoşbəxt insanlardır.
Odlar yurdu - Azərbaycan!
Canımsan.
Vətənimsən, vicdanımsan.
Qanımsan.
Heysiyyətim, mənliyimsən.
Sevincimsən, şənliyimsən.
Səninlədir yaşayışım,
varlığım da.
Yaşayıram qoynunda mən,
Sənsən - bütün varlığım da.