İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadırsa, onu bu müqəddəsliyə bağlayan vasitə Vətən torpağıdır. Çünki ana öz övladını onun özü üçün də müqəddəs olan Vətən torpağında dünyaya gətirir. Vətən bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir. insan üçün ən ümdə şey Vətən torpağının azadlığı, müstəqilliyidir. Azadlıq isə heç kimə xoşluqla verilmir. Xoşluqla verilən azadlığın qədri bilinməz. Azadlıq qanla, canla qazanılır, qorunur və gələcək nəsillərə əmanət verilir. Azərbaycan xalqı da illərlə, əsrlərlə azadlıq uğrunda çarpışmış, istiqlal naminə mübarizə aparmışdır. Bu çarpışmalar isə qansız-qadasız keçməmiş, əzab-əziyyətsiz olmamışdır.
        1990-cı il yanvar ayının 20-də Azərbaycan torpağı göz yaşına bələndi, dünyanı göz yaşı ilə islatdı. Başdan ayağa qədər silahlanmış üzdəniraq «Silah ordusu» Bakıya girərək dinc əhalini, əliyalın kütləni gülləbaran etdi. Bu tarix - 20 Yanvar Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olundu. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğul və qızlan bu yolda şəhid olaraq gələcək nəsillərə həqiqi istiqlal bəxş etdilər.
        Onları meydanlara, silahlı rus qəsbkarlannın qarşısına çıxaran qəlblərində gəzdirdikləri azadlıq duyğusu, Vətən torpağının bütövlüyünü, toxunulmazlığını qorumaq və təmin etmək arzusu idi. Bu qeyrətli oğul və qızlar Vətən yolunda canlarından keçdilər, qazandıqları isə bütün xalqın məhəbbəti oldu. Onlar paytaxtımızın Dağüstü park kimi tanınan ünvanını özü boyda möhtəşəm, müqəddəs məzara - Şəhidlər xiyabanına çevirdilər. Bu ünvan xalqımızın and yeri, qibləgahı, səcdəgahı oldu. Bu yer azadlıq və müstəqillik uğrunda canlarını qurban verənlərin ziyarətgahına çevrildi, qan yaddaşımız, can yaddaşımız oldu.

 
Bura xalqımızın səcdəgahıdır,
Ellərin bu yerə məhəbbəti var.
Şəhidlik ömrünün zirvəsindədir
Burda nəzər çəkən hər adi məzar,
Ellərin bu yerə məhəbbəti var.

        Hər il 20 Yanvar faciəsinin ildönümü günündə Şəhidlər xiyabanı sanki gül yağışına qərq olur. Uşaqdan böyüyəcən bütün Azarbaycan xalqı bu gündə Şəhidlər xiyabanını cəmi müsəlmanların əbədi məbədgahına çevrilən Məkkə və Mədinə kimi ziyarət edirlər. Xalqın öz şəhidlərinə olan bu hədsiz ehtiramı hətta, beynəlxalq ictimaiyyətin də diqqətini çəkmiş və bizlərə təskinlik ola biləcək müsbət rəylər formalaşdırmışdır. Hələ bu canlı faciənin törədildiyi vaxtlar rus yazıçılarından biri belə bir ifadə işlətmişdir: «inanmıram ki, dünyada öz milli qəhrəmanına azərbaycanlılar kimi belə bir məhəbbətlə ehtiram bəsləyən başqa bir xalq olsun».
        Deyirlər ki, «Şəhidi olan xalq irəlini daha yaxşı görər». Qoy Azərbaycanımız ağlamasın, dərd çəkməsin. Çünki onun qəhrəman övladları xalqın xoşbəxt gələcəyi naminə canlarından keçmişlər. İndi hər bir azərbaycanlı lazım gələn anda xalq yolunda şəhidliyin zirvəsinə ucalmağa hazırdır. Xalqımız şəhid oğul və qızlarını həmişə qəlbində yaşadacaq, onları əbədi bir xatirə kimi yad edəcəkdir.
Top