Eh, bağban, bağban. Dünyada görən səndən xoşbəxt insan varmı? Sən adındakı qüdrəti dərk edirsənmi? Sən varlığındakı ümman genişliyini görə bilirsənmi? Axı müəllimi sənə oxşadırlar. Önündə başlar əyilən, qarşısında bağlı qapı olmayan müəllimi. Bu, düzgün müqayisədirmi? Məncə bu müqayisə ilə razılaşmaq çətindir. Müəllimin dühası üçün bağban meyar ola bilməz. Axı bağbanın özünü də müəllim yetirib. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın simfoniyasını, lövhələrin solmazlığını, dastanların nəğməsini, sözünü yaradan şairin, sənətkarın, memarın, bəstəkarın özünü kim yetişdirmişdir? Kim onları kamala, ərsəyə çatdırmışdır? Əlbəttə ki, müəllim!
Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman ilk müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə ilk müəllim qovuşdurur.
Mənim ilk müəllimim Mirzə müəllim olmuşdur. Məktəbə, sinif otağına qədəm basdığım ilk gündən o, mənim üçün yalnız elmin sirrlərini açan bir müəllim yox, mənim və sinif yoldaşlarımın saf mənəviyyatına, hisslər, duyğular aləminə yeni-yeni lövhələr, məziyyətlər, nur və sevinclər gətirən bir insan oldu. Elə o gündən də gözümüz onun gözlərindən nurlanmağa, ürəyimiz onun ürəyinin hərarəti, məhəbbəti ilə çtrpınmağa başladı. Birimizin başı ağrıyanda, birimiz xəstələnib yorğan-döşəyə düşəndə müəllim özünə yer tapa bilmir, qayğısı, nəvazişi məlhəm təsirli şirin sözləri ilə bizə şəfa verir, ruhumuzu qidalandırırdı. Onun ürəyi sanki bir məşəl idi və bizim hamımızı işıqlandırır, qəlbimizə ziya, nur gətirirdi. Hər dəfə əli başımızı sığallayanda sanki göyün yeddinci qatına qalxır, qürurlanır, fəxr edirdik.
Ürəklərdə dilək idi,
Mənim öz ilk müəllimim.
insan deyil, mələk idi,
Mənim öz ilk müəllimim.
Bizə doğma ana idi,
Odumuza yanan idi,
Bizim üçün sona idi,
Mənim öz müəllimim.
Mən öz ilk müəllimimi heç vaxt yaddan çıxartmaram. Məni dünyaya gətirmişsə, dünyanı mənə bəxş edən, sirli-sehrli aləminə qovuşduran, ilk qapını üzümə açan mənim ilk müəllimim olmuşdur.