Mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Mənim ana dilim dosta məhəbbət, düşmənə nifrət dilidir.
        Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir. Ana dilimin şirinliyindən danışarkən bir əhvalat yadıma düşür.
        Ərəb ölkələrindən birində təhsil alan azərbaycanlıların yanına öz həmvətəni gəlir. Şagird ustadından icazə alaraq həmvətəni ilə öz ana dilində danışmağa başlayır. Qonağı gedəndən sonra ustad öz şagirdinə yanaşıb hansı dildə danışdıqlarını soruşur. Şagird Azərbaycan dilində söhbət etdiklərini bildirir. Ustad bir anlıq susub sonra onların bütün danışıqlarının, elə Azərbaycan dilində təkrar edir.
        Bu əhvalatdan çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan dili həm sadə və asan, həm də şirin və ahəngdar bir dildir. Şagirdlə həmvətəninin söhbəti Azərbaycan dilinin sadə və asanlığına görə ustadın yadında qalmışdısa, ərəb dilli şəxsin danışığında gözəl səslənməsi bu dilin ahəng və şirinliyi ilə bağlı idi.
        Bu hadisə neçə əsr bundan əvvələ aid bir əhvalatdır. Dilimiz o zaman indiki kimi səlis və rahat deyildi. Bu gün isə Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Indi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür. Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır.
        Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

 
Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!

        Dilin gözəlliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.
        Mən ana dilimi - Azərbaycan dilini çox sevirəm və bu yazımı görkəmli şairimiz Nəbi Xəzrinin «Ana dili» şeirindən bir parça ilə bitirmək istəyirəm:

 
Ana gözlərindən süzən nur kimi,
Doldur ürəyimə sən gilə-gilə.
Hər kəlmən, hər sözün bəzənməyibmi
Mehriban anamın təbəssümüylə?!
Top