Deyirlər ki, müasir dövrün ingilis yazıçıları arasında, Aqata Kristi qədər dünya səviyyəsində məşhur olanı yoxdur. Onun əsərləri bir çox dillərə tərcümə olunmuş və bu süjetlərə onlarla filmlər çəkilmişdir.
Aqata Kristinin adı birinci dərəcəli detektiv tarixinin sinonimidir, necə ki, Pele futbolun simvoludur.
Aqata Kristinin öz sözlərinə görə o, artıq jurnallarda əsərləri dərc edilən bacısına təqlid edərək yazmağa başladı. Və birdən, nağıllarda olduğu kimi Aqata Kristi məşhur oldu. Atasını itirən gələcək yazıçı lazımi dərəcədə yaxşı təhsil ala bilmədi. Birinci Dünya müharibəsi zamanı o şəfqət bacısı olmuş, sonra isə farmakologiya üzrə təhsil almışdır. İyirmi il sonra, İkinci Dünya müharibəsinin əvvəllərində o hərbi hospitalda işləyirdi.
«Detektiv kraliçasının» sevimli qəhrəmanları - Erkül Puaro və təmkinli miss Marpldır. Miss Marpl həm səs-küylü Londonda və həmçinin, kəndin aldadıcı sakitliyində tədqiqat apara bilir.
Onun qəziyələrinin süjetləri çox sadədir, az sayda qəhrəmanı olan nisbətən kiçik məkanlı süjetlər: təyyarə və qatar sərnişinləri, turistlər, otellərin və ya balaca rahat kəndin sakinləri. Və burada hər bir kəs şübhəlidir!
Aqata Kristinin kitablarında qətillər ən münasib olmayan yerlərdə baş verir: əczaçının bağında, köhnə abbatlıqda və s. Meyitlər kimlərinsə kitabxanasında tapılır və onları hansısa tropik balıqların, atəşkeşin, qəndilin, xəncərin və zəhərin vasitəsilə öldürürlər.
Bir dəfə Aqata Kristi belə yazmışdı: «Mənim ölümümdən on il sonra məni heç kim yad etməyəcək ...». Yazıçı yanılmışdı. Aqata Kristinin romanları hər zaman populyardır. Bütün qitələrin sakinləri onun hekayə və romanlarını təkrar və təkrar oxuyurlar: «Qərb ekspresi», «Otel Bertran», «On zənci balaları», «Kitabxanada meyit» və s. Həmçinin bu əsərləri əsasında çəkilən filmlərə bütün dünyada maraqla baxırlar və elə bir ölkə tapmaq olmaz ki, A.Kristini tanımasınlar.