Mən geniş, ikimərtəbəli və böyük oyma haşiyəli pəncərələri olan bir evdə yaşamaq istərdim. Evin damı mütləq gərək açıq-qırmızı kirəmitdən düzəlsin və evin damının başında isə nağıllarda olduğu kimi ağ at və ya dağ keçisi çəkilməlidir.
Evin ətrafında mən hökmən tozağacı, küknar və şabalıd ağacı əkəcəyəm. Evimin qarşısında isə kiçik bağça olacaq, bu bağça tək bizim ailənin istirahəti üçün deyil, həm də arı saxlamaq üçün yer olacaq.
Evin birinci mərtəbəsində geniş mətbəx olacaq. Mətbəx müasir texnika ilə təchiz ediləcək. Mətbəxdən əlavə, birinci mərtəbədə, həmçinin, zal olacaq. Zalda buxarı qurulacaq və bütün ailə soyuq axşamlar burada yığışıb qızışacaqdır.
Zalın yanında kitabxana-otaq olacaq. Kitabxanada Azərbaycan və əcnəbi dillərdə müxtəlif mövzularda kitablar olacaq: klassik ədəbiyyat, siyasət, idmandan tutmuş kulinariyaya qədər. Mən hökmən birinci mərtəbədə, idmanla məşğul olmaq üçün müasir trenajorlardan və minihovuzdan ibarət otaq düzəldəcəyəm.
İkinci mərtəbədə kompyuter otağı olacaq, burada mən qardaşımla dərslərimizi hazırlaya biləcəyik. Bizim və valideynlərimizin otaqlarının pəncərələri şərqə tərəf açılacaq ki, yeni doğan Günəşin ilk şüaları bizi oyatsın.
Evin tavanları hündür olacaq, divarlarda isə mən məşhur rəssamların rəsm əsərlərini və ya Qurani-Kərimdən götürülmüş dualar yazılmış çərçivələr asacağam. Evi mən yumşaq və elə də hündür olmayan mebellə bəzəmək istərdim. Mən istərdim ki, evdə iki televizor olsun: biri qonaq otağında, digəri isə kompyuter otağında. Belə olan halda, atamla anam kinoya və ya idmana baxdıqları halda, biz digər televizorda qardaşımla birgə cizgi filminə və ya fantastik filmə baxa bilərik.
İnşaallah, mənim evim böyük, geniş, rahat və xudmani olacaq. Evin qapıları həmişə dostlar üçün açıq olacaq.