«Bakıda olan kəsdə, bu ecazkar və çox gözəl şəhərə qarşı məhəbbət yaranır. Onun təkraredilməz ətirinə - dənizin, küləyin, neftin və duzun iyinə həmişəlik vurulur».
Boris Qorbatov
Bizim şəhər sülh şəraitində parlaq bir həyat sürürdü. Səhərlər insanlar rahatcasına öz işlərinə gedirdilər. Axşamlar isə şəhər başqa şəklə düşərək bayram əhvali-ruhiyyəsi alırdı: müxtəlif rəngli neon lampaları yanır, insanlar kinoya, teatra və dənizkənarı parka gedirdi. İnsanlar deyib-gülüb, şənlənirdilər və onları gələcəkdə nələr gözlədiyini bilmirdilər.
Beləliklə, mən Şəhidlər xiyabanındakı əbədi məşəlin qarşısında dayanmışam. Bakı küləyi altında məşəl daha çox alovlanaraq əzəmətli sürətdə yanır. Bura müqəddəs məkan olan Şəhidlər xiyabanının girişidir. 1990-cı ildə Azərbaycan Respublikasının günahsız vətəndaşları sovet ordusu tərəfindən şəhid edilmişdir. Həmçinin, Şəhidlər xiyabanında Qarabağda şəhid olan yüzlərlə əsgərin məzarı var.
O gecə sovet ordusu bir neçə saat ərzində 170-ə yaxın Azərbaycan vətəndaşını qanına qəltan etdi. Onların arasında qocalar, uşaqlar və qadınlar var idi. Güllələr və tankların tırtılı onları sülh şəraitindəki adi bir gündə yaxaladı. On üç yaşlı qız öz mənzilində olanda naqafıl gülləyə tuş gəlmiş, marşrut üzrə işləyən sürücü öz maşınında qətlə yetirilmiş, öz xidməti borcunu yerinə yetirən «təcili yardım» həkimi xəstə üstünə tələsdiyi vaxt güllələnmişdir.
Həlak olan bu şəhidlərin misalını mən təsadüfən çəkmədim. Pəncərədəki uşaq xüsusi təyinatlı qoşunun üzlərini görə bilərdi və sonra isə məhkəmədə şahid qismində çıxış edə bilərdi. Marşrut sürücüsü daha çox insanı hadisə yerindən uzaqlaşdıra bilərdi. «Təcili yardım» həkimi daha çox yaralını ölümdən xilas edə bilərdi. Onların bəxti onda gətirmədi ki, məhz onlar o saat orada olmuşdular. Onların yerində bizim hər birimiz ola bilərdik - o gün Bakını zəbt edən qoşunların nifrəti çox böyük idi. Şəhid olanlar Bakı şəhərinin silahsız və müdafiəsiz insanları idi. Onlar şəhid oldular və xalq onları son mənzilə, dünyada misli az görünən əzəmətlə yola saldı.
Bakının müxtəlif nöqtələrində, həmçinin ölkənin hər bir rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş çoxlu sayda abidələr ucaldılmışdır. Lakin ən böyük və əzəmətli abidəni xalq öz qəlbində və xatirələrində ucaltmışdır. Çünki, həyatda ən qiymətli olan şeyi - canlarını Vətən yolunda fəda etmiş şəhidlərin xatirəsi xalqın yaddaşından heç vaxt silinməyəcəkdir. Həmin bu və digər xalq qəhrəmanlarının hesabına Vətən və millət yaşamaqdadır.