Mənim ən sevdiyim ilin fəsli - yazdır. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanmağa başlayır. Təbiət canlanır, insanlar daha gümrah və fəal olurlar. Yazı sən də sevirsənmi? Bir ətrafına nəzər sal! Qar əriyir, əriyən sular çaylara və göllərə axışır. Çayları bağlamış buz qatları çatlamağa başlayır və ayrılmış buz parçaları çayın axını ilə üzüaşağı sürətlə hərəkət edir. Günəş öz şüalarını bolluca və səxavətlə Yer üzərinə səpələyir. Gözəl bir hava hiss olunmaqdadır. Yaz torpağının əlvan rəngləri ürəkləri şad edir. Təpələr ala-bəzək örtüklərə bürünmüşdür. Yenicə bitmiş bahar gülləri cığırları bəzəyir. Ağaclar qış yuxusundan oyanır və şirələnir. Tezliklə tumurcuqlar cücərir və yaşıl yarpaqlara çevrilir. Hava təmiz və yüngüldür. Havada cavan yarpaq və torpaq təravəti duyulur. Yaz Günəşi nəvazişlə adamı sığallayır, lakin kölgədə hələ sərindir. Yenicə bitən yaşıl otların saplaqları gündən-günə böyüyərək boy atır. Mavi böcəklər sahilin bir tərəfindən digərinə uçuşurlar. Təbiət tez-tez dəyişərək, hər gün yeni-yeni görüntülər bəxş edir: gah yaddaş çiçəyin göyümtül gözcükləri görsənir, gah da gömgöy otlar arasında çiyələyin ağ gülləri nəzərə çarpır.
Heç belə havada adam evdə otura bilərmi? ilin belə çağında adam meşəyə getmək və yaz təravətini duymaq istəyir. Yazda köçəri quşlar isti ölkələrdən qayıdırlar. Onlar öz yuvalarını qurur və insanları öz məlahətli səsləri ilə feyziyab edirlər. Həmçinin, insanlar yavaş-yavaş mövsümi işlərə əl atırlar. Tarla və zəmilərdə əkin mövsümü başlayır.
Soyuq qış günlərindən sonra yazın gəlməsi lap yerinə düşdü. Artıq, sanki qışdan bezən insanlar, bir daha yenidən ağır palto və şubaları geymək istəmirlər. Yaz təravətli hava ilə dərindən nəfəs almaq və Günəşin bəxş etdiyi istiliyi duymaq istəyirlər.
Bunu da yaddan çıxarmaq lazım deyil ki, ilin bütün fəsillərinin özünəməxsus gözəllikləri var. Hər il biz yağışlı payızı, soyuq qışı və qızmar yayı qarşılayır və yola salırıq. Sözsüz, bunda llahinin bir hikməti var. Hər bir insan isə ilin hansısa fəslini daha çox sevir. Mən yazı daha çox sevirəm. O, mənim üçün ilin ən sevimli fəslidir.