Oxucuların əli altından minlərlə, milyonlarla kitablar gəlib-keçir və hər bir gözəl kitab insanın qəlbində unudulmaz izlər buraxır. Mən hələ bunu dəqiq bilməsəm də, lakin kitab oxumağı çox sevirəm. Bilirəm ki, kitablar insana yaşamağı öyrədir, onları mütaliə etdikdə çoxlu şeylər öyrənirsən. Kitablar da var ki, son dərəcə maraqlı və cəlbedici yazılmışdır. Bundan əlavə, insan, kitablarda elə şeylərə rast gəlir ki, onu sözlə ifadə etmək mümkün olmur. Məsələn, şücaət haqqında kitab oxuduqda, sən də şücaətli iş görmək, özü də daha yaxşısını görmək istəyirsən. Yazıçı kitabı yazaraq, öz əsərində insanları, onların fikir və əməllərini, onları əhatə edən xarici aləmi elə gözəl qələmə alır ki, oxucu sanki bu qəhrəmanlarla yaşayır. Oxucu qəhrəmanın sevinc və kədərini, şücaətli və qorxduğu anları hiss edir.
Ən sevimli kitabın və ədəbi qəhrəmanın adını söyləmək çətindir. Lakin mənim oxuduğum bütün əsərlər arasında, mən daha maraqlı romanın adını çəkə bilərəm. Daniel Defonun şah əsəri olan «Robinzon Kruzo» romanı haqqında danışmaq istəyirəm. Defonun yazdığı bu roman, son üç əsrdə uşaqlar, yeniyetmələr və gənclərin stolüstü kitabına çevrilmişdir. Robinzon həm müsbət və həmçinin mənfi xüsusiyyətlərə malikdir. Onda sırf kapitalist cəmiyyətinə xas xislətlər vardır: praktisizm və sahibkarlıq hissi. Hətta, gənclik illərində onu evindən uzaq ellərə aparan hiss macəra deyil, daha çox mənfəət əldə etmək hissi idi. Hansısa kommersiya planları daim onun beynində fırlanmaqdadır. Belə ki, o, son olaraq gəlirli sahə olan dəniz ticarəti ilə məşğul olmaq qərarına gəlir. Məhz onun bu arzusunun sonu, gəminin qəzaya uğraması ilə və kimsəsiz adaya düşməklə nəticələnir. Qəzadan əwəl, o, öz səfər yoldaşını - mavritan dəniz quldurlarından əsir götürülmüş zənci balası Ksurini portuqal gəmisinin kapitanına satır.
Kimsəsiz adada 25 il tənha yaşadıqdan sonra Robinzon adamyeyənlərin əllərindən onların əsirini xilas edir və onun adını Cümə qoyur. Onların münasibətləri, elə ilk saatlardan ağa və qul münasibətlərinə çevrilir. Robinzon çoxdandır ki, özünə qul tapmaq istəyirdi. lyirmi beş il tənha həyat, insanlarla münasibətdən ötrü çəkdiyi həsrət, Robinzonun dünyanı dərk etməsində heç bir şey dəyişməmişdi. Ona şüurlu insandan daha çox, təsərrüfatda köməkçi lazım idi. Robinzonun Cüməyə öyrətdiyi ilk kəlmə - «ağa» kəlməsi idi. Gərək Cümə, bu kəlməni bütün zəruri əşyaların adından qabaq bilməli idi. Robinzon, rastlaşdığı vəhşi insanın adını öyrənməyə belə çalışmır. O, onun üçün Cümə olaraq qalır, çünki Robinzon onu kanibalların əlindən cümə günü xilas etmişdir.
Digər tərəfdən, biz Robinzonun şücaətli və genişürəkli olduğunun şahidi oluruq. Belə ki, o heç tanımadığı insanların — Cümənin, onun atasının və gəmi kapitanının xilas olması üçün özünü təhlükə altına atır. Robinzonun Cümə ilə qarşılıqlı əlaqələri, onların söhbətləri əsl dostluğa çevrilir. Robinzon Cümədə gördüyü müdrikliyi və fədarkarlığı yüksək qiymətləndirir, artıq onunla bir qul kimi deyil, dost kimi rəftar edir.
Cümənin cəlbedici surətini gözəl ifadə etməklə, səxavətli ingilis taciri ilə qara dərili zəncinin dostluğunu məharətlə qələmə alan Defo, öz növbəsində Britaniya müstəmləkəçilərinə və qul ticarətçilərinə bir mesaj yollayır. Robinzon surətinin cazibədar olmasının səbəbi, onun əməksevər və zəhmətkeş olmasındadır. Məhz elə bu xüsusiyyət, onun ümumbəşəri əhəmiyyətini kəsb edir. Defo öz əsərində uzunçəkən və məşəqqətli bir əməyi canlandırır ki, onun nəticəsi isə çox cüzidir. Bir il ərzində Robinzon, evinin ətrafındakı otları, tikanları biçməyə və onun ətrafını hasarlamağa müvəffəq olur. Bir şeyi düzəltmək üçün o çoxlu vaxt itirir, çünki onun əlinin altında zəruri alətlər hələ yoxdur. O, bəlalarla üzləşir və tez-tez ümidsiz vəziyyətə düşür. Lakin gələcəyə bəslədiyi böyük ümid və onun zəhmətkeşliyi Robinzonun keçirdiyi ağır həyatda ona daim yardımçı olur. Bu yüksəldiyi zəhmətkeşlik və çətinliklərə qarşı edilən fədakarcasına mübarizə, Defonun qələmə aldığı kitabı əbədi olaraq yaşadır. Hətta, bu - nəinki kitab və yaxud personajdır, bu da ali bir məqamdır. Robinzon Kruzo əsrdən-əsrə yaşayan əbədi bir əfsanəvi surətdir. Həyatın macəralar burulğanından daim qələbə ilə çıxan əbədi bir insan obrazı.