Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. insan özünü bu günün qəhrəmanı hiss edir.
        Ad günü deyəndə ağıla çox fikir gəlir. Məsələn, yemək, hədiyyə, qonaqlar, tort. Sən bu ad gününün gəlməsini səbirsizliklə gözləyirsən, saniyələri sayırsan. Qonaqları gözləmək, qarşılamaq, hədiyyələr almaq və əylənmək. Ancaq getdikcə həyat daha maraqlı gəlir. Necə də şirindir bu həyat dediyimiz.
        Mənim 18 yaşım tamam oldu. Filirləşirəm ki, bu on səkkiz illik həyatımda itirdiyim və qazandığım nədir? Bu illərdə bir çox nailiyyətlər, bacarıqlar və ən əsası dəyərli dostlar qazanmışam.
        Ad günümdə çoxlu təbriklər alıram və özümü dünyanın xoşbəxt insanı hesab edirəm. fərqli-fərqli insanlardan fərqli təbriklər almaq sözün əsl mənasında adamı sevindirir. Bu günə nədənsə insan etinasız yanaşa bilməz.
        Geriyə - yaşadıqlarına nəzər salmaya bilmirsən. Dönüb arxaya boylananda istər kədər qarışıq təəssüf, istərsə də «kaş ki» deməyə səbəb axtarmaya bilmirsən. Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında anlandırmaya bilmirsən. Görəsən niyə? Bu təkcə məndəmi belə olur, ya hamıda belədir. Bunu da bilmirəm. Hər keçən il insanın məsuliyyətini daha da artırır.
        Bəzən zamanı dondurmaq istəyirəm, amma zaman öz hökmünü özü verir axı? Hakim odur, illər, saniyələr, saatlar onun hökmüylə donur. Bəs görəsən uşaqlıqda niyə tez böyüməyi arzuladığımız halda, indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik. Bəlkə qayğılardan, məsuliyyətdən qaçmaq istəyirik.
        «Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim» - mahnılarda deyildiyi kimi arzu edirik.
        Amma hər halda geridə qoyduğumuz acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir. Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək.
        Sevimli şairimiz B.Vahabzadə deyirdi ki, ad günümüz olanda sevinirik. Bu təbii haldır. Amma fikirləşmirik ki, bir yaş da böyüyürük. Yaşımızın üstünə bir yaş da gəlir.
        İnsan üçün nə qədər yaşamaq yox, ona verilən ömrü mənalı yaşamaq, özündən sonra bir iz qoymaq maraqlıdır.
Top