Dünyada bütün insanlar özləri üçün nəsə arzulayırlar, mən də bu baxımdan istisna deyiləm. Hər kəs müvəffəqiyyət qazanmaq üçün çalışır, kimlərsə ona nail olur, kimlərsə müvəffəq olmur. Mən, hazırda məktəbdə oxuduğumdan, gələcək haqda o qədər də düşünmürəm. Lakin, illər ötür və mən böyüyürəm. Əlbəttə ki, hər bir insan yaxşı bir şey haqda düşünür və ümid edir ki, hər şey yaxşı olacaq: ev, ailədə xoşbəxtlik, həmçinin əsas olan - yaxınların sağlamlığı və hər şeydə ahəngdarlıq. Məktəbi bitirdikdən sonra mən təhsilimi davam etdirmək istərdim.
Mənim arzum - ali məktəbə qəbul olunmaq, onu bitirmək və diplom əldə etməkdir. Mən çox istərdim ki, Azərbaycan dilindən ingilis dilinə və tərsinə tərcüməçi olum. Bu peşə mənim çox xoşuma gəlir, sən çoxlu yeni-yeni insanlarla tanış olursan, onlar səninlə yaxın tanış olduqdan sonra, səni öz dostları ilə tanış edirlər, lakin bu hələ son deyil. Bu peşə ona görə yaxşıdır ki, sən çoxlu dilləri öyrənirsən, bu isə heç vaxt ziyan etməz, xeyir verər. Sən müxtəlif dilləri mənimsədikdə, sənin qarşına nəhəng dünyaya olan qapılar açılır, böyük gələcək sənə baxır.
Əksər insanlar uşaq vaxtı arzu edirlər ki, məktəbi müvəffəqiyyətlə bitirsinlər, sonra instituta qəbul olsunlar və ürəkləri istədikləri işə qəbul olunsunlar. Böyüdükdən sonra, biz evlənmək haqda, mehriban ailə və uşaqlar haqda düşünürük. Hər bir kəs çalışır ki, uğurlu evlənsin və ya ərə getsin. Xasiyyəti uyğun gələn və bir-birini istəyən gənclər, ömürlərinin axırına kimi bir yerdə xoşbəxt yaşayırlar. Onlann uşaqları dünyaya göz açır, anadan olan uşaq valideynlərinin bir parçasıdır. Yenicə dərk etməyə başlayan uşaq valideynlərinə fikir verir və onların qarşılıqlı münasibətlərinə diqqət yetirir. öz müşahidələrini yadda saxlayaraq, onların əsasında özünü necə aparmağı müəyyənləşdirir. Valideynlər uşağa nəyin pis və nəyin yaxşı olduğunu öyrədirlər. Uşaq böyüdükdə qayğılar da artır, lakin valideynlərin arzu-istəkləri öz yerində qalır: uşağı sağlam, ağıllı, qəşəng və savadlı böyüsün.
Uşaqlarının xoşbəxt olmaları üçün valideynlər əllərindən gələni əsirgəmirlər. Uşaqlar isə öz növbəsində böyüdükdən sonra, artıq yaşlaşmış valideynlərinin qayğısına qalırlar. Onlar öz həyatlarını övladlarına sərf etmişlər və onlara övladı tərəfindən göstərilən bu qayğı, göstərilən böyük zəhmətin müqabilində bir kiçik minnətdarlıqdır.
Uşaqlıq arzuları həmişə gözəldir, bəzən də xam xəyallardır. Axı, uşaq ağlı hələ hər şeyi dərk etmir, lakin dünyanı dərk etdikdən sonra, o yenə də xəyallara dalır, belə ki, arzular qarşıya qoyulan məqsədlərin həyata keçməsində köməkçi olur. Bir dramaturqun dediyi kimi: «Həyat - arzuların fasiləsiz olaraq reallaşmasıdır».
Beləliklə, bizim arzularımızın həyata keçməsi üçün, gərək məktəbdə yaxşı oxuyaq, sonra institutda ixtisası və ya seçdiyimiz peşəni yaxşı mənimsəyək, ədalətli və səmimi olaq. Və əlbəttə ki, qoyduğumuz məqsədə doğru əzmkarlıqla addımlayaq.