Görəsən həyatda elə bir insan var ki, onun arzusu olmasın? Əminəm ki, yoxdur. O, artıq başqa bir məsələdir ki, insanların arzu və xəyalları fərqlənir. Bəziləri xam xəyallarla yaşayır, digərləri isə ən istəkli arzusuna bütün həyatını sərf edir.
Uşaqlıq zamanı mənim, uşaqlara xas məzəli və maraqlı arzularım var idi. Adam istəyir tezliklə böyüsün, məktəbi bitirsin və s. Biz böyüyəndə kim və ya nəçi olacayıq, indi heç kim bilə bilməz. Lakin məktəb hər bir kəsə ən maraqlı və ən mühüm işi seçməyə imkan yaradır. Hal-hazırda mən arzulayıram ki, tezliklə məktəbi bitirib instituta, ali məktəbə daxil olum və oranı bitirdikdən sonra güclü bir mütəxəssis olum ki, insanların mənə tələbatı olsun. Ən mühümü isə odur ki, mən öz valideyinlərimə, atama və anama dayaq olum. Mən valideyinlərimin necə əziyyət çəkdiyini və onların nə cür ağır yükün altına girdiyini anlayıram. Mən arzu edirəm ki, mənim atam və anam hər zaman sağlam olsunlar və uzun ömür həyatı sürsünlər. Onlar mənə çox lazımdır, necə ki, hər bir insan üçün lazımdır. Bir də mənim ən böyük arzum var. Bu arzum dünyada sülh və əmin-amanlıqla bağlıdır. Istəyirəm ki, insanlar firqələrə, kastalara, təbəqələrə bölünməsinlər, onlar irqinə görə, dini inancına görə ayrı-seçkiliyə məruz qalmasınlar. Axı, onsuzda bizim hamımız Allahın hüzurundayıq. Biz hamımız bu dünyaya müvəqqəti gəlirik, hamımız böyüyüruk, boya-başa çatırıq, yetişirik, yaşa doluruq və arzu edirik.
Budur, mənim arzum! Qoy elə bir zaman yetişsin ki, planetimizdə yaşayan insanların hamısının bütün arzuları xeyirxahlı, sevindirici, ümidverici, riqqətli olsun, insanlar bir-birinə qarşı sevgi ilə davransınlar, biribirini təbəssümlə qarşılasınlar və «Sən mənim dostum və qardaşımsan» desinlər. Mənim arzum yalnız öz gələcək sənət və ya ixtisasımla yekunlaşmır. Mən eyni zamanda xaricə gedib orada yaşayan insanların həyat tərzi və əmək fəaliyyətləri ilə yaxından tanış olmaq istərdim. Həyatda ən çox istədiyim şey isə mənim Vətənim Azərbaycan getdikcə gözəlləşsin və çiçəklənsin. Vətən insanda olan müqəddəs vahidlərdən biridir. Elə bu səbəbdən biz gərək öz Vətənimizi sevməli, hörmət etməli və qorumalıyıq. İstərdim ki, dünyanın hər bir yerindən insanlar Azərbaycana tez-tez gəlsinlər və bu cür gözəl ölkəni seyr edib zövq alsınlar. Qoy gözəlim Azərbaycanda daha çox yeni sənaye mərkəzləri yaradılsın. Azərbaycanın hər bir sakini öz tarixi ilə, mədəniyyəti ilə və adət-ənənəsi ilə fəxr etməlidir. Mən arzu edirəm ki, bizim respublikada yaşayan xalq xoşbəxt olsun, xeyirxah olsun və sağlam olsun.
İnsanlar dünyada sülh, əmin-amanlıq və razılıq içində yaşamalıdır və biri-birinə yardım etməlidir.