Biliyin, elmin insan həyatında tutduğu yerin məna və əhəmiyyəti haqqında hələ XII əsrin dahi şairi N. Gəncəvi yazırdı:
Qüwət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Biz elmi-texniki tərəqqinin çox vüsət alıb tüğyan etdiyi bir əsrdə yaşayırıq. Bu belə bir əsrdir ki, cəmiyyətimizin onun iqtisadi, mədəni, mənəvi inkişafı elm və biliklə xarakterizə olunur.
Təhsil və bilik insan həyatında aparıcı rol oynayan ən vacib amillərdəndir. Belə ki, bilik insanın güclü, qüdrətli, müdrik bir şəxsiyyət kimi yetişməsində bir vasitədir. Elm, təhsil eyni zamanda dünya və aləmi, onun əsrarəngiz çalarlarını dərk edib duymaq üçün bir vasitədir. Belə ki, bizi əhatə edən aləm elmin, təhsilin və müasir texnikanın uğurlu nailiyyətlərinə əsaslanır.
Bunlar bizi əhatə edən, bizim gündəlik istifadə edib bəhrələndiyimiz - televizor, kompyuter, radio və müxtəlif adda olan saysız-hesabsız elektrik avadanlıqlardır.
Elmsiz, təhsilsiz bir insan yolunu azmış kor bir səyyaha bənzər ki, kiçik bir çuxur onu məhv edər.
Elm və bilik insan həyatını mənalandıran, onu zənginləşdirən işıqlı bir yoldur. Odur ki, həyat və güzəranımızı daha mənalı etmək, səmərəli yaşamaq üçün daha çox təhsilə, savada yiyələnməliyik.
Mən IX sinifdə oxuyuram. Hər zaman ailəmizdə təhsildən, bilikdən söhbət gedərkən böyüklərim mənə daha çox oxumaq, təhsillənmək, dərin biliyə sahib olmağı tövsiyə edirlər. Babam isə deyir ki, təhsil, savad, yiyələndiyin sənət hər bir şəxsin daşınmaz əmlakıdır., özününküdür. Onun bəhrəsi, barı sənin öz əlindədir. Nə qədər istəsən onu zənginləşdirə bilərsən.
Savadlı, təhsilli insanla ünsiyyət qurarkən heç yorulmursan. Əksinə onun söhbətindən bir rahatlıq, sakitlik duyursan. Müsahibindən bəzən heç oxumadığın, eşitmədiyin tarixi faktlar, gözəl kəlamlar eşidirsən. Bunlar insan ruhunu qidalandırır, rahatladır. Bilik insanı güclü edir. Çünki bilikli insan həm də ziyalı olur. Ona görə ki, belə insanlar yaşadığı cəmiyyətin bütün keyfıyyətlərini, mənsub olduğu millətin zəngin mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərini tanıyır, dilini, dinini təbliğ edir. Bu cür insanlar eyni zamanda yaşadığı müasir cəmiyyətin nail olduğu texnologiyanın, müasir avadanlıqların və onlarla davranış mədəniyyətinə də sahiblənirlər.
Bilikli insan hərtərəfli olduğu üçün hər hansı bir çətin vəziyyətdən çox asanlıqla çıxa bilir. Belə insanlar ziyalılığın göstəricisi kimi güclü ünsiyyət bacarığına da yiyələnmiş olur. Belə ki, dili, ünsiyyəti güclü olan insan malik olduğu bilik və bacarığını daha rahat, başa düşüləcək tərzdə ifadə etmək qabiliyyətindədir. Budur ziyalılıq.
Elmin mənbəyi evimizdən, bağçadan və məktəbdən başlanır. Elm öyrənmək böyük zəhmət, qabiliyyət və zaman tələb edir. Bu işdə bilikli, dünyagörüşlü, milli dəyərlərimizi ifadə edən müasir texnikaya, onun nailiyyətlərinə yiyələnmiş vətənpərvər, fədakar müəllimlərimiz böyük rol oynayır.
İndi dünya ölkələrinə inteqrasiyası vacib olduğu, intellekt savaşı getdiyi zamandır.
Torpaqlarımızın işğaldan azad edilməsi millətimizin azad, firavan yaşaması üçün bütün bilik və bacarıqlara yiyələnən vətəndaşlarımıza böyük ehtiyac vardır. Çünki elmi biliklərə malik bir ölkənin gücü, qüdrəti böyük olar.
Bilikdən güclü bir qüwə yoxdur, biliklə silahlanan insan məğlubedilməzdir.
Dahi şairimiz N.Gəncəvi alimin rütbəsinin ən uca rütbə olduğunu belə ifadə etmişdir.
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Hər uca rütbədən biliniz fəqət,
Alimin rütbəsi ucadır əlbət!