«Ana» - bizim dediyimiz ilk söz və gördüyümüz ilk şəxsdir. Bu sözdə nə qədər məlahət gizləndiyini dillə iqrar etmək mümkün deyil. Ana - bizə həyat bəxş edən müqəddəs bir vücud və daim bizim qayğılarımızla yaşayan bir insandır. O, sözün əsl və məcazi mənasında, insana «ayağa qalxmasında» köməklik edən şəxs və həyatı anlamağa yardım edən doğma bir varlıqdır.
Ana - kədərimizi rahatçılıqla bölüşə bildiyimiz dost. Məhz ana insana düzgün yol göstərib, ağıllı bir məsləhət verər. Övladı onun çəkdiyi əziyyətləri çəkməsin deyə, ana əlindən gələni əsirgəməz.
Anaların qəlbində həmişə məhəbbət və mehribanlıq hökm sürür. Heç bir başqa hiss bu ülvi hisslərə qalib gələ bilməz, bu hissləri pulla almaq mümkün deyil və heç kim onu bizə bağışlaya bilməz. Ananın hissləri heç bir qiymətlə ölçülməz. Ana mehribanlığı, ana məhəbbəti, hətta sadəcə «ana» kəlməsinin özü bizim qəlblərimizi riqqətə gətirir və yenidən onun qayğısını hiss edirik.
Şairlər və yazıçılar öz yaradıcılıqlarında ana mövzusuna daim geniş yer ayırmışlar. Demək olar ki, hər bir müğəninin repertuarında ana haqqında mahnı vardır.
Öz valideynlərini qocalar evinə təhvil verən və ya atıb gedən övladları mən insan hesab etmirəm. Nəyə görə, biz sağ ola-ola, bizim valideynlərimiz başqasının ümidinə möhtac qalmalıdır? Axı, onlar vəfat etdikdən sonra, yaranan boşluğu heç kim doldura bilməz. Gec və ya tez, insanlar nə qədər dəyərli bir sərvəti itirdiklərini anlayacaqlar. Valideynsiz övlad, qanadsız quşa bənzəyir. Qanadsız quşa isə yaşamaq nəyə lazım?!
İnsanı, anası başa düşdüyü kimi, heç kəs anlaya bilməz. Ana - insana İlahi tərəfindən bəxş edilmiş əbədi dost və sirdaşdır.
Əziz analar, sizin mehriban və təravətli təbəssümünüz, parlayan gözləriniz və məlahətli səsiniz bizə necə də əzizdir. Siz əvəzolunmazsınız!