2007-ci ildə dövlətimizin müstəqillik qazanmasının 16-cı ili tamam oldu. Bundan qabaq Azərbaycan SSRl-nin tərkibində bir respublika idi. Sovet imperiyası dağıldıqdan sonra Azərbaycan müstəqillik və suverenlik əldə etdi. Bu müstəqillik və azadlığa nail olmaq üçün minlərlə vətən övladı canından keçmişdir. 1988-ci ildə xalq öz ərazisinin bütövlüyü uğrunda mübarizəyə qalxdı. Erməni siyasətçiləri min cür hoqqabazlıqla çalışırdılar ki, Qarabağı Ermənistana birləşdirsinlər. Sonra isə zor gücü ilə bir sıra şəhər və kəndlərimiz viran edildi.
       1990-cı ilin yanvar ayının 20-si isə sovet tankları şəhərə daxil olaraq yüzlərlə dinc əhalini gülləbaran etdi. Yanvar ayının 19-dan 20-nə keçən bu müdhiş gecədə sovet əsgərləri yüzdən çox dinc əhalini şəhid etdilər və yüzlərlə insanı yaraladılar.
       İyirmi yanvar şəhidlərinin dəfn mərasiminə milyona yaxın insan gəlmişdi. Azadlıq meydanında çəkilmiş dəfn mərasimi kadrlarına baxdıqda, insanın ruhu riqqətə gəlir. Meydan və onun ətraf küçələri insan axını ilə dolmuşdur. Meydanın bu başından o başına insanların əllərində ötürülən tabut qatarı dəfn mitinqinə xüsusi əzəmət bəxş edirdi.
       Bu o illər idi ki, xalq qətiyyətlə öz müstəqilliyini tələb edirdi. Bakı qaynayırdı: mitinqlər, meydanlarda ocaqlar. Düşmən isə öz növbəsində torpaqları işğal etməkdə davam edirdi. Vətənimizin qəhrəman oğulları torpaqları qorumağa çalışırdılar. Minlərlə insan şəhid olaraq canlarını Vətən yolunda fəda etdilər. Salatın Əsgərova, Yuriy Kovalyev, Məzahir Ələkbərov, Çingiz Mustafayev və minlərlə digər həmvətənlərimiz Vətənin müdafiəsi yolunda canlarından keçdilər.
       Şəhidlər xiyabanında daim əbədi məşəl odlanır və qəbirlərin ətrafına güllər qoyulmuşdur.
       1993-cü ildə Heydər Əliyev ardı-arası kəsilmədən mitinqlərə son qoydu, 1994-cü ildə isə Qarabağda müharibəni müvəqqəti olaraq dayandırdı. Yavaş-yavaş ölkədə vəziyyət normalaşmağa başladı. Heydər Əliyev ölkədə siyasi vəziyyətin və iqtisadiyyatın stabilləşməsi üçün böyük zəhmətlərə qatlaşdı. Xaricə çoxlu səfərlər edən Heydər Əliyev Qarabağın işğalı barədə dünya ictimaiyyətinə həqiqəti çatdırdı. BMT-nin illik iclasında çıxış edən prezident Qarabağ müharibəsinin dəhşətli nəticələri barədə məruzə etmişdir.
       Millətimiz bütün keçib gedən çətinlikləri arxada qoyaraq, yeni həyatın, yeni iqtisadiyyatın qurulmasına başladı.
       Ölkəmizin paytaxtı Bakı şəhəri getdikcə böyüyür və inkişaf edir. Şəhərdə çoxlu sayda xarici ölkələrin səfırlikləri açılmışdır. Ordu, donanma, aviasiya qoşunları yaradılmışdır. lyun ayının 26-sı Ordu qurulucuğu günü kimi qeyd edilir. Dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Ermənistanın işğalını pisləyirlər.
       Mən inanıram ki, nə vaxtsa torpaqlarımız qayıdacaq, bizim Vətəndə sülh bərqərar olacaq, iqtisadiyyatımız inkişaf edəcək və məmləkətimiz xoşbəxt gələcəyə qovuşacaqdır.
       Bizim qəhrəman xalqı heç kim diz çökdürə bilməyəcək. Bizim müstəqilliyimiz əbədidir.
Top