İnsanın surəti, zahiri gözəl olmasa da,
Daxili gərək mütləq gözəl olsun.
        Mənim müasirim necə olmalıdır? Bu, çox mürəkkəb bir sualdır. Bizim yaşadığımız zəmanədə, insanların qəddarlaşdığı və mədəni səviyyəsinin aşağı düşdüyü bir vaxtda, həyatını sağlam sürən, bütün qanunlara cavab verən insan tapmaq çətindir. Lakin, bütün bunlara baxmayaraq, cəmiyyətimizdə ictimaiyyət qarşısında öz borcunu vicdanla yerinə yetirən, xalqı, millətini sevən və bunu öz əməllərinlə sübuta yetirən vicdanlı insanlar çoxdur.
        Mənim müasirim hansı xarakter keyfiyyətlərinə malik olmalıdır? Mənim fikrimcə ən mühüm amil - vətənpərvərlikdir. İnsan ilk növbədə öz vətənini anası qədər sevməlidir. Onun çiçəklənməsi və inkişaf etməsi üçün əlindən gələni əsirgəməməlidir. Lazım gəldikdə, vətəni yadelli işğalçılardan qorumaq üçün əlinə silah alıb vətənin müdafiəsində iştirak etməlidir. Necə ki, bunu qəhrəman Qarabağ müharibəsi iştirakçıları, şəhidlərimiz etdilər. Əsl vətənpərvərlərin sayı həqiqətən çoxdur, onlar döyüşdə düşmənə arxa çevirməmiş və canlarını əsirgəməmişlər.
        Mənim cəsur və mərd insanlardan xoşum gəlir, bu insanlardan nümunə götürməyə dəyər.
        Satqınlığa nifrət edirəm, çünki satqın - qorxaq və xəyanətkardır. Kişi isə gərək qorxaq olmasın. Belə bir insana həyatın ağır anlarında bel bağlamaq olmaz.

 
Vətəni sevməyən insan olmaz,
Olsa o insanda vicdan olmaz.

        Ona görə də mənim müasirim düzgün, ədalətli və etibarlı insan olmalıdır. Mən bir müasirim haqqında söhbət açmaq istəyirəm. O, artıq neçə ildir ki, Allahın rəhmətinə qovuşub. Bu, Ə.C.Ləmbəranskidir. O, Bakı şəhərinin ən yaxşı memarlarındən biri olmuşdur. Ləmbəranski Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. O, öz şəhərini hədsiz dərəcədə sevirdi və ona bir canlı kimi yanaşırdı. O, Bakının sevincli və kədərli günlərini hiss edir, onun nə vaxt sağlam, nə vaxt isə xəstə olan durumundan tam halı idi. Ləmbəranski hər axşam şəhəri gəzər və səhər üçün nə tədbir görməyi planlaşdırardı. O, şəhərə öz doğma evi kimi yanaşar, çalışardı ki, şəhəri daha rahat və gözəl etsin. Şəhərdə ilk piyada zonası onun rəhbərlik etdiyi vaxta təsadüf etmişdir. Kitab passajından «Azərbaycan» kinoteatrına qədər uzanan gəzinti yerini, nəqliyyatın gedişindən onun dövründə bağlamışdılar. «Bakı sakinin bir təbəssümünə heç nə əsirgəmərəm» - belə deyərdi Ləmbəranski. O, şəhərdəki parklardan və bağlardan hasarları və çəpərləri yığışdırmış və hər bir şəhər sakininin üzünə açıq etmişdir. Bulvarı rekonstruksiya etmiş və şəhəri küçə fənərləri ilə bəzəmişdir. Malakan bağında quraşdırılan fəvvarələr - orijinal heykəl triosu, üç incə və zərif gözəllik - «Günəş», «Hava», «Su» - onun işidir. Ləmbəranski çoxsaylı saraylar və teatrlar inşa etmişdir. «Moskva» prospekti, «Qaqarin» körpüsü, dəniz vağzalı və s. Opera teatrı necə də gözəl inşa edilmişdir! Qədim bina yanmışdır, Ləmbəranski isə yenisini ucaltmışdır. Tağıyev adına musiqili teatr - binanın cilvəli ansamblı da onun rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. 1999-cu ilin may ayının 1-də Ləmbəranski dünyasını dəyişmişdir.
        Mənim müasirim Ləmbəranski kimi olmalıdır. O, bütün vücudunu öz əziz Vətəninin çiçəklənməsi uğrunda sərf etmişdir. Vətənə olan sevgisini sözlə deyil, əməllə sübuta yetirmişdir. Onun gözəl əxlaqi keyfiyyətləri var idi: vətənpərvərlik, insanlara qayğı, mərdlik, cəsarət, səbir və s. Bütün insanlar hamısı belə olsaydı, necə də gözəl olardı!
        Mənim müasirim gərək zəhmətkeş, xeyirxah, mərhəmətli və qayğıkeş olsun.
        Və əlbəttə ki, o, savadlı, mədəni və geniş dünyagörüşlü olmalıdır. Təhsil - bəşərə verilən ən böyük nemətlərdən biridir. Onsuz insanlıq kobud, kasıb və bədbəxt olur. Müasir insanın qəlbi gərək zərif, ağlı iti və əməli xoş olsun.
        Ən vacib şeylərdən biri isə insanın sağlam olmasıdır. idman - millətin sağlamlığıdır. Onsuz nə özünə, nə də vətən üçün bir şey edə bilərsən. Mən müasirimi bax beləcə görmək istəyirəm.
        Zərdabi belə yazırdı: «öz əməllərinin müqabilində insanlardan mükafat umma. Millətə xidmət göstər və o, səni qiymətləndirərək sənin ardınca gedər. Lakin, ilk olaraq onun etibarını qazan».
Top