Bizim doğulduğumuz və boya-başa çatdığımız yurd - Vətən adlanır. Mənim Vətənim Azərbaycandır. Vətən, qəhrəmanlığı və müdrikliyi ilə bütün dünyada tanınmış oğullar və qızlar yetişdirmişdir. Bizim ata-babalarımızın tarixi hesabı qədim Dədə Qorqud əsrindən başlayır. Bu gözəl diyarda bir çox dahi söz sənətkarları və digər məşhur insanlar yaşayıb yaratmışlar: Nizami, Füzuli, Səməd Vurğun və s. Bu torpaq azadlıq mübarizələri olan Koroğluları, Qaçaq Nəbiləri, Səttərxanları və digərlərini yetişdirmişdir.
Burada hər şey bizim qəlbimizə yatır və hər şey bizim üçün qiymətlidir. Biz tək qədim diyarımızın tarixi ilə deyil, həmçinin onun gözəl təbiəti ilə də iftixar edirik. Azərbaycanın əsrarəngiz gözəlliyini, Qubanın payız bağlarını, Lənkəran tropik nemətləri, narahat Kür, Araz çayının şəffaf suyu və Xəzərin coşan dalğaları olmadan təsəvvür etmək olmaz. Gözəl meşələri və dağları ilə, özünəməxsus iqlimi və memarlıq abidələri ilə seçilən Şuşa necə də qəşəngdir! Ona görə də əsrlər boyu düşmənlərin gözü bu gözəl diyara dikilmiş və daim yadelillər onu ələ keçirmək istəmişlər. Belə ki, Azərbaycanın çoxəsrlik tarixində Qarabağ məsələsi bir neçə dəfə qalxmışdır.
1918-1920-ci illərdə, Azərbaycan Demokratik Respublikasının yarandığı dövrdə Qarabağ problemi növbəti dəfə gündəmə gəldi. Yeni yaranmış Cümhuriyyət Qarabağda toplanmış silahlı ermənilər qarşısında faktiki olaraq əli yalın qalmışdı. Qarabağda, Bakıda, Qubada, Şamaxıda ermənilər tərəfindən məqsədyönlü şəkildə dinc əhalinin məhv edilməsi siyasəti həyata keçirilirdi. Lakin belə çətin zamanda Məmməd Əmin Rəsulzadə və onun komandası güc-qüvvə toplayaraq dövlətin müstəqilliyini elan etdilər. 1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik dövləti təsis edildi. Məmməd Əmin Rəsulzadə ilə bərabər Azərbaycanın digər qəhrəman oğulları olan F.Xoyski, M.Hacinski, H.Sultanov və digərləri azadlıq mübarizəsində iştirak edirdilər.
Hal-hazırda da bizim çoxmillətli respublikamızda, xalqların yüzilliklərlə bir yerdə sülh şəraitində yaşadığı diyarda, qonşu Ermənistanla elan olunmamış müharibə gedir. ilk olaraq Qarabağda məskunlaşmış erməni icmasının adının qabardılmasından aşılanan problem, sonralardan böyük fəlakətlərə gətirib çıxarmışdır. Artıq neçə illərdir ki, doğma diyarımız müharibə şəraitində yaşayır. Şəhərlər və kəndlər dağılır və viran edilir. Yüzilliklərlə bu torpaqda yaşayan sakinlər torpaqlarından didərgin salınır. Bu fəlakətin ilk qurbanları, erməni ekstremistləri tərəfindən güllənmiş iki azərbaycanlı gənc oldu. Sonradan Ermənistan ərazisindən qovulmuş 200 minə yaxın qaçqın dərdi ortaya çıxdı, sonra Qarabağın şəhər və kəndləri ermənilər tərəfindən viran edildi. Dünən evə-eşiyə malik olan yüzminlərlə insan, bir neçə gün ərzində torpaqlarından didərgin düşərək hər bir əmlakından məhrum oldu.
Azərbaycanın minlərlə oğlan və qızları vətənin müdafiəsinə qalxdılar. Onların bir çoxları vətən yolunda canlarını fəda edərək şəhid oldular.
1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır. O müdhiş gecədə sovet ordusu tanklarla şəhərə daxil olaraq, dinc əhaliyə avtomat və pulemyotdan atəş açmışdır. Bütün gecə cəllad imperiya əsgərləri silahsız sakinləri, avtobusları, yaşayış evlərini, xəstəxanaları və təcili yardım maşınlarını gülləbaran etdilər.
Yüzlərlə insan yaralandı və yüzdən çoxu şəhid oldu - bu dəhşətli 20 yanvar faciəsinin nəticəsi idi. Lakin bu hələ faciəli tarixi dövrün başlanğıcı idi, qabaqda hələ çoxlu ağır günlər olacaqdı.
1991-ci ilin 20 noyabr tarixində Qarabağ ərazisinə baxış keçirməyə gedən bir sıra Azərbaycan oğulları ermənilər tərəfindən vurularaq şəhid edildi: Tofiq Ismayılov, M.Əsədov, İ.Qayıbov və s.
Qarabağ müharibəsinin ən dəhşətli və faciəli hadisəsi Xocalı şəhərinin işğalı oldu. Erməni yaraqlıları rus hərbi texnikasının köməyi ilə şəhərə daxil oldular. Amansız düşmən nə uşağa, nə böyüyə rəhm etmirdi. Yüzlərlə insan öldürülmüş, yaralanmış və itkin düşmüşdür.
Dinc əhalini qoruyan mübariz bir çox əsgər, həmin gün qəhrəmancasına şəhid oldu. Onlardan biri Xocalı aeroportunun mühafizəsinin rəisi Əlif Hacıyev idi. O, son dəqiqələrə kimi erməni yaraqlıları ilə döyüşmüş və onların aeroporta yaxınlaşmasına mane olmuşdur. Bərabər olmayan qüvvələr nisbətini başa düşən qəhrəman, son anda aeroportu partladaraq, özü də şəhid olmuşdur.
Ağrılı Qarabağ müharibəsində onlarla jurnalist həlak olmuşdur. Xocalı qırğınından sonra bu dəhşətli faciəni ilk dəfə lentə almış qorxmaz jurnalist Çingiz Mustafayev olmuşdur. Onun çəkdiyi kadrlar bütün dünyaya yayımlandı və dünya ictimaiyyəti Qarabağda baş verən vəhşilikdən xəbərdar oldu. Digər şəhid edilən jurnalist Salatın Əsgərova oldu. Qarabağ kəndlərindəki sakinlərin görüşünə gedən və reportaj hazırlayan cəsur jurnalisti erməni yaraqlıları vəhşicəsinə qətlə yetirdilər.
Hal-hazırda da vətənin cəsur övladları, onun müdafiəsində qəhrəmancasına dayanmışlar. Bu cür vətənpərvər müdafiəçiləri olan xalq, Allahın köməkliyi ilə, tezliklə erməniləri işğal olunmuş torpaqdan qovacaqdır. Və sülh bizim diyarda bərqərar olacaqdır.