O, vahiməli və faciəli gündən bizi 15 il ayırır. 1992-ci ildə biz ya balaca idik və yaxud da hələ dünyada yox idik. Lakin o dəhşətli günlərin bəzi kadrları qorunub saxlanılmış və onlara baxdıqda insanın tükləri biz-biz olur.
1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, o zaman Xankəndində dislokasiya edilmiş rusların 366-cı alayının köməyi ilə Xocalı şəhərini vandalcasına işğal etdilər.
Fevralın 25-i şəhər güclü artilleriya atəşinə məruz qaldı. Aeroport və yaşayış evlərinin bir çoxu dağıdıldı. Şəhəri müdafiə edən əsgərlər bəzən hər ev uğrunda mübarizə aparırdılar. Yaraqlılar zirehli texnikanın köməyi ilə dinc əhalini gülləbaran edirdilər. Bəzilərini tək-tək, bəzilərini isə ailəliklə birgə güllələyirlər. Mərhum jurnalist Çingiz Mustafayevin Xocalı qırğınından sonra çəkdiyi kadrlarda uşaqlara edilən misilsiz cəlladlıqları görmək olur. Qulaqları, gözləri çıxarılmış, tükü ilə birlikdə soyulmuş baş dərisi görsənir. Bu insanların yeganə günahı o idi ki, onlar azərbaycanlı idilər.
Həqiqətən də, Azərbaycan tarixinin ən qara səhifələrindən biri - Xocalı qırğınıdır. Deyirlər ki, zaman bütün dərdləri sağaldır. Illər keçir, lakin Xocalı qırğının acı yaraları sağalmır ki, sağalmır. Və sağalmayacaq da! Çünki hər hansı özünə hörmət edən millət, belə dəhşətli qırğını unutmamalıdır. Və tezliklə, bizim şanlı ordumuz Qarabağı, o cümlədən Xocalını mənfur erməni yaraqlılarından təmizləyib, vətənimizdə sülhu bərqərar edəcəkdir.