Təbiət bizim həyatımızı zinətləndirir. O, bizə böyük sevinc bəxş edir. Quşların oxunuşuna, çayların şırıltısına və meşələrin sirli pıçıltısına qulaq vermək necə də gözəldir. Geniş tarlalara, şəffaf sulu çaylara və əzəmətli dağlara tamaşa etmək insanın ruhunu aram edir. Uca Allah vətənimiz Azərbaycanı gözəl təbiətlə zinətləndirib.
Buna görə də, təbiəti sevmək və qorumaq, onun sərvətindən səmərəli istifadə etmək lazımdır. Təbiət öz sərvətləri ilə zəngindir, lakin sərvət tükənməz deyil və bəşər bu sərvətin istifadəçisi olaraq, ona ağıllı surətdə və qayğı ilə yanaşmalıdır.
Ətraf mühitin mühafızəsi haqda qanunda yazılmışdır ki, hər bir fabrik və zavod tozların və zərərli qazların havaya atılmaması üçün xüsusi qurğulara malik olmalıdır. Təbiətin öz filtri vardır - bu bitkilərdir. Onlar gözəl filtr rolunu oynayaraq havanı daim təmizləyirlər. Buna görə də, şəhərlərdə və yaşayış məntəqələrində bağlar, parklar və xırda meşələr salınır. Şəhərdə nə qədər çox yaşıllıq, ağac olarsa, şəhərin havası bir o qədər də təmiz olar.
Xalqın qədim və müdrik bir sözü var: «Həyatında bir ağac əkən insan, artıq əbəs yerə yaşamamışdır». Uşaqlara lap erkən yaşlarından təbiətə qarşı məhəbbət və qayğı hissini aşılamaq lazımdır.
Balığa - su, quşa - hava, heyvana meşə və dağlar, insana isə vətən lazımdır. Təbiəti sevib və onu mühafizə etmək - elə Vətəni sevib və qorumaqdır.