Həqiqətən də dərs ili tez bir zamanda başa çatır. Bir sinifdən o birinə keçirik və çox keçmir biz ayılırıq ki, artıq məktəbi bu il bitirməliyik. Yalnız geri boylandıqda bu yolun necə uzun və çətin olduğunu anlayırıq. Bu illər ərzində bir çox şeylər öyrəndik, yeni biliklər əldə etdik. Ədəbiyyat dərslərində dahi şair və yazıçıların yaradıcılığı ilə tanış olduq, coğrafıya dərsində dəniz səyahətçilərinin marşrutlarını öyrəndik, tarix dərsində cəmiyyətin necə inkişaf etməsi bizə bəyan oldu.
İlk dəfə məktəbə getdiyim o günəşli günü yaxşı xatırlayıram. Hər yanımda sevinc dolu üzlər, çoxlu gül dəstələri. Uşaqlarla birgə həyəcanlı valideynlər...
Həmin gün ilk dəfə, sonradan bizə neçə il dərs demiş müəlliməmizlə tanış olduq. O, ciddi, ədalətli və olduqca mehriban müəllimə idi. Mənə oxumağı, yazmağı və hətta dostluq etməyi öyrədən bu insanın uca xatirəsi həmişə mənim qəlbimdə yaşayacaqdır.
Tezliklə sinfimiz də mənə doğmalaşır və dərsə, uşaqlarla görüşə daima tələsərdim. Məktəbə ilk qədəm qoyan uşaqlar üçün, məktəb ilk növbədə yeni dostlarla ünsiyyət yeridir. Lakin, getdikcə, məktəbin onların gələcək həyatlarında nə qədər böyük rol oynadığını dərk edib, anlayırlar.
İlk müəllimimiz bizə ikinci ana oldu, yazıb oxumağı, misallar həll etməyi öyrətdi. Səbirli və gözəl pedaqoq olan ibtidai sinif müəlliməmiz bizim əlimizdən tutaraq elm səhnəsinə qaldırdı. Beşinci sinifdə bizə tamamilə yeni fənnlər keçməyə başladılar. Hər müəllim bizdə öz fənninə maraq yaratdı. Mənim isə ən çox ədəbiyyat fənnindən xoşum gəlirdi.
Məşhur insanların adlarına küçələr, prospektlər adlandırılır. Qəhrəmanların adları onların oxuduğu məktəblərə verilirdi. Əgər mən haçansa, hansısa bir yeni ulduz kəşf etsəm, ona mütləq ilk müəllimimin adını verəcəyəm.
Bəzən insan, məktəb illəri haqda düşünür və xəyallara dalır. Adam heç inana bilmir ki, neçə illərdir bir yerdə dərs oxuyan və dostluq edən şagirdlər, məktəbi bitirdikdən sonra hərə biryerə dağılışacaq. Adam eyni zamanda həm məktəbi bitirmək istəyir və eyni zamanda da dostlardan, öz elmi sirlərini bizimlə bölüşən müəllimlərdən ayrı düşmək istəmirik.