Dünyada elə bir insan tapılmaz ki, onun istəyi, arzusu olmasın. Axı, arzu onun böyük və ya kiçik olmasından, sadə və ya qəliz olmasından asılı olmayaraq, insanı ifadə edir. Bunu bəlkə də belə adlandırmaq olar, axı, çox zaman arzu - bizim yaşamağımızın məğzi, bizim həyat məqsədimiz olur. Zaman keçdikcə bizim arzularımız da dəyişir, daha geniş və dərrakəli olur. Uşaqlıqda biz böyüyüb tezliklə həkim, müəllim, təyyarəçi olmağı arzulayırıq. Sonra isə bizim fikirlərimiz və maraq dayirəmiz dəyişir və təbii ki, buna uyğun bizim arzularımız da dəyişir.
Özünə həyatda bir məqsəd və amal seçən insan, bununla bərabər, özünə qeyri-ixtiyari qiymət verir. İnsanın nəyə görə və nəyə xatir yaşamasını bilmək üçün, onun özü barədə nə qiymətdə və nə tənqiddə olmasını - böyük və ya kiçik fikirdə olmasını bilmək kifayətdir. Mənim fikrim belədir: gərək insanın arzuları tək özü ilə məhdudlaşmasın və daha geniş xarakter alsın. Yəni, onun arzuları tək öz sevinc və kədəri ilə deyil, bununla bərabər, gərək digər insanları, xalqı və milləti də əhatə etsin.
Lakin kimsə tək özü üçün yaşayırsa və yalnız özünü düşünürsə, yəni yalnız maddiyyatı düşünürsə, onda bu insanın səviyyəsi elə o maddiyyat qədərdir. Belə insanlar daim iztirab və ruh gərginliyi içində olur, daim hansısa avtomobilin və ya hansısa mebel, yaxud evin əldə olunmasını səbirsizliklə arzulayırlar. Ən dəhşətlisi bu şəxslərin istəklərinə çata bilməmələridir, onda onlar üçün əsl fəlakət başlayır. Onlar insanlıq xüsusiyyətlərini, hər bir şeyi tapdaq altına atmağa hazırdılar. Təki istədiyimə çatım!
Buna görə də ağıllı və dərrakəli insanın arzuları geniş və insanpərvər olmalıdır. Axı, biz cəmiyyətdə yaşayırıq və bizim həyatımız onların taleləri ilə sıx bağlıdır. Hər bir insan, yaşadığı cəmiyyət fərdlərinə qarşı hörmətlə yanaşmalı və onlara qayğı və xoş əxlaq göstərməlidir. Insanların bir-birinin üzərində haqqı var.
Ona görə də mən arzu edirəm ki, insanlar xeyir və savab işlər görmək üçün yaşasınlar. Gün ərzində heç olmasa bir dəfə, sidq ürəklə bir yaxşı və savab əməl etsək, biz mütləq həyatın necədə gözəllişdiyinin və yüngül olduğunun şahidi olacayıq. Gəlin bu gündən özümüzü sınayaq.