Məktəb millətin müdriklik ocağı, xalqın mənəvi beşiyidir. Məktəb millətin bu günü, sabahı və gələcəyidir. Məktəbdə bizə təkcə oxumaq yox, həm də bizə yaşamağı, yaratmağı, vətəni sevməyi öyrədirlər.
        Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. On bir ilimizi ikinci evimiz olan məktəbdə keçiririk.
        İlk yoldaşlarımızı orada tapır, hər şeyi orada öyrənir, orada görürük. Dəcəlliklərimiz, ilk sevgi hissləri, saf hisslər, duyğular orada başlayır.
        Məktəb illəri xatirələrlə, yadda qalan günlərlə doludur. Lakin mənim üçün ən maraqlı və yadda qalan günüm ilk dəfə əlimə çanta alıb birinci sinifə getdiyim gün və on bir il sonra orta məktəbi bitirdiyim gün. İlk və son günlər.
        Nəyə görə ilk və son? Çünki körpə uşaq kimi məktəbə daxil olub, yetkin bir gənc kimi məktəbi bitiririk. Valideynlərim məni ilk dəfə məktəbə gətirərkən keçirdiyim hisslər, qorxa-qorxa, həyəcanla sinifə daxil olduğum günlər heç vaxt yadımdan çıxmır. Lakin bir neçə il keçdikdən sonra sevimli müəllimlərimə, yoldaşlarıma alışdıqca heç məktəbdən ayrılmaq istəmirəm.
        Hər bir yolun sonu olduğu kimi, məktəb illərinin də sonu çatır. Nəhayət, son gün - 31 may. İstəsək də, istəməsək də bu gün gəlməlidir. Axı zaman yerində dayanmır. Zamanı dayandırmağa bizim gücümüz çatmaz.
        31 may 2012-ci il... Bu tarix məni çox şeydən ayırdı. Həmin gün çalınan o son zəngin səsini eşidənə qədər eyni qayğı və eyni məsuliyyətlə yaşayırdım.
        Artıq nə o sinif otağı, nə də üstü cızılmış partalar, nə o müəllimlərimin səmimi çöhrəsi, nə də qayğısız günlər var. Elə belə şey deyil axı! Bir zəng insan həyatında bir mərhələni bağlayıb, yeni bir mərhələnin qapısını açır.
        Məktəb illərində nə qədər maraqlı hadisələr, günlər olsa da, mənim üçün ən yadda qalanı bu günlərimdir.
Top