İnsanın həyatı təbiətlə sıx bağlıdır. İlin istənilən fəslində istirahət günləri və tətil vaxtı milyonlarla insan dənizə, çəmənlərə, tarlalara və meşələrə istirahətə gedir. Bizim böyük dostumuz ana təbiət insanları qoynuna çağırır. Təbiət qoynunda da dincəlmək yorğunluğu götürür. Gücümüzü bərpa edir, yaxşı əhvali-ruhiyyə yaradır. Təbiət bizi yedizdirir, içizdirir, geydirir və müalicə edir. insanlar bəşəriyyətin bütün tarixi boyu təbiətin nemətlərindən düşünmədən istifadə etmişlər. Heç acımadan meşələri qırmış, bataqlıqları qurutmuş, çölləri əkmişlər. İnsanlar heç fikirləşməmişlər ki, bununla təbiətin qanunlarını tamamilə pozurlar.
Hazırki dövrdə insanlar təbiətin qorunması və onun mühafizəsinin qeydinə qalırlar. Hər bir şüurlu insan başa düşür ki, onun həyatı təbiətdən asılıdır. Təbiətdən vəhşicəsinə istifadəyə son qoymaq lazımdır, çünki, təbiətin sərvətləri sona qədər tükənə bilər. Azərbaycan Respublikasının Konstitusiyasında yerin, təbiətin, suyun, bitkilərin və heyvanların qorunması barədə maddələr vardır. Hal-hazırda suyun və havanın çirkləndirilməməsi barədə qanun qəbul edilib. 1989-cu ildə Azərbaycanda «Qırmızı kitab» çap edilmiş və bura nadir heyvanların, bitkilərin adları salınmışdır. Respublikamızda heyvanat və bitki aləminin qorunması üçün qoruqlar təşkil olunmuşdur. Onlardan ən böyükləri Pirqulu, Zaqatala, Qızılağac və s-dir. Qoruqlar təbiətin nadir heyvan və bitki nümunələrinin saxlandığı daldanacaq guşədir. Lakin qoruqlardan kənarda da, insan özünü əsl canıyanan sahib kimi aparmalı, onun resurslarından - balıq ehtiyatından, yer təkindən, heyvanlardan və quşlardan rassional və səmərəli istifadə etməlidir. İnsan təbiətin tədricən bərpa tapmasında yardımçı olmalıdır.
Balığa su, quşa hava, heyvanlara çöl, meşə və dağ, insana isə - Vətən lazımdır. Təbiət insanın böyük dostudur. Ona qayğı, hər bir insanın müqəddəs borcudur.
Deməli, təbiəti qorumaq - öz vətənini sevmək və qorumaq deməkdir. Təbiətin qorunması ekoloji fəlakətdən qaçmağa kömək edir və bizim ümumi evimiz olan planetimizi məhvə düçar olmaqdan qoruyur.