Azərbaycan, sənsən mənim,
Ülviyyətim, şan-şöhrətim,
Adın mənim öz adımdır,
Sənsiz mənim nə qiymətim?
Xalq şairi B.Vahabzadənin «Azərbaycan» şeirindən götürdüyümüz bu misralar hər birimizin ana yurdumuz Azərbaycanla bağlı qəlb arzularımızı, duyğularımızı ifadə edir. Biz bütün varlığımızla doğma Vətənimizə bağlıyıq, onun şöhrətini öz şöhrətimiz sanırıq, Vətən varsa, biz də varıq, deyirik.
Rusiya, Türkiyə, Iran, Gürcüstan, Ermənistan kimi ölkələrin qonşuluğunda yerləşən Azərbaycanın şərq sərhədlərini Xəzər dənizi yuyur. Yurdumuzun geniş çölləri, bərəkətli düzləri, vüqarlı dağları var. Azərbaycan şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan Talış dağları ilə əhatə olunub. Ölkəmizin mərkəzi hissəsini isə Xəzər dənizinədək Kür-Araz ovalığı tutur.
Təbiət ana yurdumuzdan sanki heç bir gözəlliyini, heç bir sərvətini əsirgəməyib. Mövcud olan on bir iqlim qurşağından doqquzuna respublikamızın ərazisində rast gəlmək mümkündür. Buna görə də ana yurdumuzun flora və faunası çox rəngarəng və zəngindir. Ölkənin ərazisində təşkil olunan Qızılağac, Zaqatala, Göygöl, Pirqulu, Qarayazı kimi dövlət qoruqlarında, Şirvan, Ordubad milli parklarında, Qusar, Şəmkir, Ağgöl, Şirvan yasaqlıqlarında nadir bitki, ağac, heyvan, quş növlərinə rast gəlmək mümkündür. Alimlərin tədqiqatları nəticəsində məlum olmuşdur ki, Azərbaycanda 4100-dən çox bitki növü var, burada 97 növ meməli heyvan, 346 növ quş, 95 növ balıq məskən salmışdır. Kür, Araz, Tərtər, Samur kimi çaylar ana yurdumuzun müxtəlif ərazilərindən keçərək torpağa can verir. Bu çaylar boyunca əkinçilik geniş yayılıb. Respublikanın ayrı-ayrı ərazilərində pambıq, düyü, çay becərilir, bol tərəvəz, meyvə yetişdirilir.
Ana yurdumuzun əsas təbii sərvəti neftdir. Artıq neçə onillikdir ki, Abşeron yarımadasında, Kür-Araz ovalığında, Xəzər dənizində «qara qızıl» hasil edilir, Azərbaycan dünyada sənaye üsulu ilə neft çıxaran ilk ölkədir. Neftçilərimiz 1949-cu ildə şıltaq Xəzəri ram edərək onun qoynunda estakadalar üzərində «Neft Daşları» kimi məşhurlaşan şəhər salmışlar. Bununla da dünyada açıq dənizdə neft hasilatının əsası qoyulmuşdur. Müasir dövrdə isə xarici şirkətlərlə birlikdə Xəzərin daha dərin qatlarından neft hasil edilir. Neftdən başqa, respublikamızın ərazisində qızıl, zəngin dəmir fılizi yataqları vardır. Azərbaycanın müalicə əhəmiyyətli suları da çox məşhurdur.
Ana yurdumuzun paytaxtı Bakı şəhəridir. Bakını çox haqlı olaraq qədim və həmişəcavan şəhər adlandırırlar. Içərişəhər, qala divarları, möhtəşəm Qız qalası, Şirvanşahlar sarayı qədim Bakının rəmzləridir. Sonralar şəhər böyüyərək öz sərhədlərini qala divarlarından kənarda genişləndirməyə başlamışdır. Bir-birindən gözəl, geniş küçələr, prospektlər, yeni yaşayış massivləri, metro, müasir «göydələnlər», yaşıllıq sahələri şəhərimizin bugünkü inkişafından xəbər verir.
Azərbaycanın ikinci böyük şəhəri Gəncədir. Şəhər Gəncəçayın yaşıl sahilləri boyunca salınıb. Təməli V-VI əsrlərdə qoyulan Gəncədə müxtəlif dövrlərdə yaradılan İmamzadə kompleksi, Cümə məscidi, «Çiçək hamam», karvansara kimi gözəl memarlıq abidələri bura gələnləri heyran qoyur. Bundan başqa, ana yurdumuzun Sumqayıt, Naxçıvan, Şəki, Mingəçevir, Daşkəsən kimi başqa iri şəhərləri də vardır.
Ana yurdum Azərbaycan kəşməkəşli tarix yaşayıb, burada zaman-zaman zəngin mədəniyyət formalasıb. N.Gəncəvi, M.Füzuli, M.Şəhriyar, H.Cavid, S.Vurğun misilsiz söz inciləri yaradaraq yurdun şöhrətini bütün dünyaya yayıblar. Babək, Cavanşir, Tomris, Qaçaq Nəbi, Koroğlu məmləkətin hər daşını, hər qayasını bir qeyrət qalasına çevirmiş, yurdumuza uzanan xain əlləri kəsmişlər. Onların əməlləri bugünkü nəsil üçün əməkdir. 1990-cı ildə baş verən qanlı 20 Yanvar faciəsində, Qarabağ müharibəsində yurdun azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlər əcdadlarımızın qəhrəmanlıq ənənələrinin yaşadığını təsdiqlədi.
Biz doğma Vətənimizin gözəllikləri, bol sərvəti, zəngin tarixi keçmişi ilə qürur hissi keçirir və ana yurdumuza xoş niyyətlə gələn hər kəsə xalqımıza xas olan qonaqpərvərliklə «Xoş gəlmişsiniz!» deyirik.