Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyevi ancaq yeri-göyü işığa qərq edən, qaranlıqları aydınlaşdıran günəşlə, bir də qartal məskəni, uca göylərə yüksələn zirvə ilə müqayisə etmək mümkündür. O, bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Xalqımız fəxr edə bilər ki, onun ləyaqətli övladı Heydər Əliyev hələ sağlığında öz adını dünyanın sayılıb-seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının siyahısına yazmış və bununla da hər birimizə başucalığı gətirmişdir.
        Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri, əməlləri ilə ölçülür. Bu mənada ümummilli liderimiz Heydər Əliyev barəsində belə demək mümkündür: O, Tanrının Azərbaycan xalqını sevərək ona göndərdiyi fədakarlıq simvolu idi. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi: taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək!
        Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, H.ƏIiyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün sözün əsl mənasında qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur. O, hələ Sovet Ittifaqının mövcudluğu şəraitində gələcəyi düşünür, respublikamızın nə vaxtsa müstəqilliyə qovuşacağına inanır və bundan ötrü güclü maddi-texniki baza yaradırdı.
        Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra - 1993-2003-cü illərdə rəhbərlik etmişdir. Böyük öndər 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.
        Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.
        Ümummilli lider Heydər Əliyev üçün ən böyük ağrı xalqın, Vətəninin ağrısı idi. Məmləkətin ayağına dəyən daş onun qəlbinə dəyirdi. Bu sözləri yazarkən 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yada düşür. Azərbaycanın üstünə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə Heydər Əliyey xalqımıza qarşı törədilən bu ağır cinayətə sakit yanaşa bilmədi. O, təqiblərə, özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin vəhşi hərəkətlərinə qəti etirazını bildirdi. Həmin dövrdə qapalı həyat tərzi keçirməyə məcbur edilən insan üçün belə bir addımı atmaq sözün əsl mənasında qəhrəmanlığa bərabər idi.
        Bəli, Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə sözün müstəqim mənasında əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. Dillər əzbəri olan «Xalq-Heydər - Heydər-xalq» deyimi də məhz bu qırılmaz bağlılığın dəqiq ifadəsidir. Şair Nəsib Qaramanlı yazır:

 
Bu Vətənə xidmətində,
Bu millətə hörmətində,
Bu dövlətin qüdrətində
Yaşayır Heydər babamız!
Əməli zəfər babamız!
Top