Aylı-ulduzlu üçrəngli bayrağıma baxıram - alnım açılır, qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Bayraq mənim qələbə sevincimdir - Vətənimin zəfər günündə göylərə yüksəldilir, bayraq mənim qəm sirdaşımdır - məmləkətimin kədər, hüzn anlarında endirilir.
        Bayraq qürur duyduğum nişanədir - dövlətin varlığını sübut edir dünyada, millətimin imzasını təsdiqləyir imzalar içində. Harada ki üçrəngli bayraq dalğalanır - ora mənim Vətənimdir, Azərbaycan məkanıdır, orada yurdumun sədası, sözü-söhbəti var. Şair Bəxtiyar Vahabzadə «Bayraq» şeirində yazır:

 
Bayraq mənliyimdir,
bayraq kimliyim
Bayraq - öz yurduma öz hakimliyim.

        Respublikamızın dövlət bayrağı - müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng - türk soyumuzu (türkçülüyümüzü), qırmızı rəng - müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir.
        Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918—1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlı və üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq olunması haqqında qərar qəbul etmişdir. Milli bayrağımız ilk dəfə elə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indi Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi bina) qaldırılmışdır. Daha sonra milli bayrağımız 1918-ci il dekabrın 7-də yenicə təşkil olunan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası (indiki Əlyazmalar İnstitutunun binası) üzərində dalğalanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında məşhur «Bir kərə yüksələn bayraq bir daha enməz!» kəlamını söyləmişdir.
        Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. O, qonşu iri dövlətlərin məkrli planları nəticəsində 1920-ci ildə süqut etdi. Sonrakı sovet hakimiyyəti illərində xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi. İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına həmişə böyük ümid bəsləyirdilər.
        Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi.
        Üçrəngli bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Respublikamızın prezidenti xarici ölkələrə səfərlərə getdikdə milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər, mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar. Belə təntənəli mərasimlər qapalı yerlərdə keçirildikdə iştirakçılar bayrağın gətirilməsini ayaqüstdə qarşılayırlar.
        Biz üçrəngli milli bayrağımızın respublikamızda bütün təşkilatların, o cümlədən Prezident Aparatının, Milli Məclisin binası üzərində dalğalanmasından böyük qürur hissi keçiririk. Bu gün milli bayrağımız, həmçinin müstəqil Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iqamətgahları önündə qaldırılıb. Milli bayrağımız respublikamızın Fransa, Almaniya, Çin, Rusiya, ABŞ, Türkiyə, İran və digər xarici ölkələrdəki səfirliklərinin yerləşdikləri binalarda, beynəlxalq sularda üzən gəmilərimizdə əzəmətlə dalğalanır. Üzərində milli bayrağımızın əksi həkk olunmuş «Azal» Hava Yollarının təyyarələri dünyanın, demək olar ki, bütün ölkələrinə məxsus hava məkanlarında uçur. Birləşmiş Millətlər Təşkilatının Nyu- Yorkdakı iqamətgahı önündə 180-dən artıq müstəqil dövlətin bayrağı asılıb. Onların arasında üçrəngli bayrağımız, xüsusilə seçilir.
        Bir sözlə, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq. Qoy daim zəfər soraqlı olsun üçrəngli bayrağımız!
Top