Yurdumuza allı-güllü Novruz gəlir, nə xoş gəlir! Xalqımız qərinələr boyu yaşatdığı, hər il bahar gəlib təbiət oyananda sevinclə pişvazına çıxdığı əziz bayramını bu sözlərlə qarşılayır. Novruzun gəlişi yurdumuzda əsl toydüyünə çevrilir, el şənlikləri bir-birinin ardınca sıraya düzülür, hər evdə mermeyvəli, göy səmənili xonçalar bəzənilir, obadan-obaya, evdən-evə, qohumdan-qohuma, qonşudan-qonşuya pay-püş göndərilir.
Xalqımızın uca tutduğu Novruz bayramının çox qədim tarixi var. O bizə ulu keçmişimizdən - zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə zərdüştlük dininə sitayiş etmiş, odu müqəddəs sanmışdır. Novruz bayramının bir çox adət-ənənələrində də atəşpərəstliyin izləri aydın görünür. Novruz ərəfəsində ilaxır çərşənbələrində qalanan bayram tonqalları buna misaldır. «Ağırlığım, uğurluğum odda yansın» deyib tonqalların üstündən atlanan insanlar bununla bəd nəzərləri, pislikləri, şər qüwələri odda yandırdıqlarına və yeni, təmiz həyata başladıqlanna inanclarını ifadə etmişlər və bu, indi də Novruz şənliklərinin əsas atributlarındandır.
«Novruz» sözünün mənası «bolluq» deməkdir. Buna görə də bu bayram xalqımızın yaddaşında bərəkət, bolluq rəmzi kimi qalmışdır. Elə Novruzun əsas rəmzlərindən sayılan yaşıl səməni də bunun ifadəsidir.
Səməni saxla məni,
İldə göyərdərəm səni.
Evdə səməni göyərdən insanlar bununla yeni ildə məhsullarının bol olacağına inanmışlar. Bundan başqa, xalq inanclarına görə, Novruz bayramının süfrəsi də bol olmalıdır. Ən kasıb ailədə belə bayram süfrəsi açılmalıdır. Ləziz yeməklər bişirilməli, yumurta boyanılmalı, süfrəyə yeddi növ çərəz, mer-meyvə düzülməli, ailədəki adamların sayına uyğun şamlar yandırılmalıdır.
İllər uzunu yurdumuzda Novruzla bağlı bir-birindən gözəl adətənənələr formalaşıb və bu ənənələr nəsildən-nəslə ötürülüb. Novruz adətlərindən biri də bayram ərəfəsində ev-eşikdə, həyət-bacada təmizlik işləri görülməsi, abadlıq yaradılmasıdır. Elə ki, baharın müjdəçisi haçaquyruq qaranquşlar göründü, deməli, qar, soyuq arxada qalıb, üzü yazadır, evdə, həyətdə, yır-yığış etmək vaxtı çatıb.
Beləliklə, ailənin bütün üzvləri köməkləşib xalça-palazı yuyur, hər yanda səliqə-sahman yaradırlar. Torpaq adamı tarlaya üz tutur, şum edir, toxum səpir, bağbanlar bağ-bağata əl gəzdirir, ağaclara qulluq göstərir, yeni tinglər əkirlər... Bəs necə, havalar isinir, torpaq qızır, fürsəti fövtə vermək olmaz. Bol məhsulun əsası indi qoyulur.
Novruz tədbirləri bir qayda olaraq el şənliklərinə çevrilir. Bu şənliklər çox rəngarəng, yaddaqalan keçir. Kosa və Keçəl Novruz şənliklərinin əsas qəhrəmanlarındandırlar. Onlar şənliklərdə min cür məzhəkə çıxanrlar. Kosanı, Keçəli hər evdə, hər obada gözləyirlər. Onlar ev-ev, oba-oba gəzər, özlərinə azuqə toplayarlar. Elə ki, Kosa özünün
A Kosa-Kosa gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana...
mahnısını oxumağa başlayır, insanlar olanından onun torbasına pay atırlar. Beləcə, Kosanın torbası dolur və o hamıya xoş niyyətini bildirir.
Novruzun başqa bir adətini də yaddan çıxarmaq olmaz. Belə ki, bayram axşamlarında gərək bütün küsülülər barışsın, heç kəs evdə bəd söz danışmasın. Çünki adətə görə, hələ ailə qurmamış, qulağı səsdə, gözü qapıda olan gənc qızlar bayram axşamlarında ürəklərində niyyət tutub qonşuların, qohumların qapısı dalında qulaq falına çıxırlar. Inanca görə, qulaq falında xoş söz eşidən qızı şad xəbər gözləyir...
Papaqatdı oyunu da Novruz şənliklərini uzun müddət yaddaqalan edir. Məhəllənin uşaqları dəstə-dəstə evləri gəzir, qapıdan içəri papaq atıb pusquda dayanırlar. Bununla onlar sanki ev yiyəsinin bayrama necə hazırlaşdığını yoxlayır və onun səxavətini imtahana çəkirlər. Ev yiyəsi də heç vaxt papağı boş qaytarmaz, evdə şimiyyatla, meyvə ilə onu doldurub qapının ağzına qoyar və səs edər ki, yiyəsi gəlib götürsün.
Bir sözlə, Novruzla bağlı söhbətlər bitib-tükənməzdir. Ən əsası isə odur ki, Novruz gözəllik, xeyirxahlıq, ümidlər və arzular bayramıdır.