Həyatda hər kəsin bir arzusu var. Kimi müəllim, kimi həkim olmağı arzulayır. Kimi hələ uşaq yaşlarından texnikaya maraq göstərir, böyüyəndə də bu yolu tutur. Sıralarımızda müğənni, aktyor, jurnalist və yaxud idmançı olmaq istəyənlər də var. Bir sözlə, orta məktəbi qurtaran kimi yollar haçalanır. Hər kəs qəlbinin dərinliyində bəslədiyi arzusunun arxasınca gedir.
        Bəs mən kim olmaq istəyirəm? Mən də tez-tez bu sualla baş-başa qalıram. Quş qanadlı xəyallar məni uzaqlara aparır. Gah rəssam oluram, doğma Azərbaycanın əsrarəngiz təbiətini tablolara köçürüb bütün dünyaya tanıdıram. Gah bu gün bizə elmin sirlərini öyrədən sevimli müəllimlərimə oxşamaq, onların yolunu davam etdirmək istəyirəm. Eh, arzular, arzular! Elə televiziya diktoru olmaq da xoşbəxtlikdir - hər axşam evlərə qonaq gedirsən, səni arzulayan insanları sevindirirsən, onlarla həmsöhbət olursan...
        Mənim üçün belə uzun tərəddüdlər artıq arxada qalmışdır - mən seçimimi iqtisadiyyatla bağlamışam. Orta məktəbi bitirdikdən sonra Azərbaycan iqtisad Universitetinə daxil olmaq ən böyük arzumdur. Seçimimi təsadüfən dəqiqləşdirməmişəm. Məlumdur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızın beynəlxalq iqtisadi münasibətləri sürətlə inkişaf edir. Indi Azərbaycanı dünyanın ayrı-ayrı ölkələri ilə sıx əməkdaşlıq telləri bağlayır, tez-tez Bakıya beynəlxalq iqtisadi təşkilatların nümayəndələri təşrif gətirirlər. Azərbaycanlı mütəxəssislər də vaxtaşırı beynəlxalq iqtisadi forumlara qatılırlar. Bu sahə mənim üçün də çox cəlbedicidir. Buna görə də beynəlxalq iqtisadi münasibətlər sahəsində mütəxəssis olmaq qərarına gəlmişəm. Düşünürəm ki, bu sahədə yaxşı mütəxessis olmaqla xalqıma, Vətənimə fayda verə bilərəm.
        Əlbəttə, tək arzu ilə iş bitmir. Yaxşı mütəxəssis olmaq üçün gərək öz üzərində çox çalışasan, çoxlu kitablar oxuyasan. Mən də Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinə aid məlumatlar toplamağa, dünyanın iqtisadi coğrafiyasını, ölkələrarası iqtisadi münasibətlərin prinsiplərini öyrənməyə çalışıram. Televizorda iqtisadiyyatın bu və ya digər sahəsinin problemləri ilə bağlı müzakirələrə həvəslə baxıram. Öyrəndiyim yeni biliklər məni seçdiyim peşəyə daha da yaxınlaşdırır.
        Lakin mən hesab edirəm ki, peşə seçimi «Mən kim olmaq istəyirəm?» sualının tam cavabı deyil. Biz ilk növbədə müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi yetişməyə çalışmalıyıq, vətənpərvər olmalıyıq.
Top