Mən bu kiçik yazıma N.Gəncəvinin dostluq haqqında yazmış olduğu misralarla başlamaq istəyirəm
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onlann əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
Dostluq ülvidir, onda bəşəriyyətin igidlik gücü parlayır. Dost! Bu sözün necə yaranmasına fikir verək. Daş, od, su, torpaq. Dost sözü bu sözlərin baş hərflərindən yaranmışdır. Dost olan kəs daş kimi möhkəm, dözümlü, od kimi daimi və alovlu, su kimi saf və təmiz olmalı, torpaq kimi güclü və qüwətli olmalıdır. Belə olan insanlarla dostluq etməyə dəyər.
Hansı insanın qəlbində məhəbbət, səmimiyyət yuva salıbsa, o insanın dostu çox olar. Qəlbində nifrət, kin olan kəsin dostu olmaz. Hər münasibət qurduğun insana da dost demək olmaz. Bu insanlar içərisində sənin qəlbinə yaxın olan, səni başa düşən, sənin səhvini üzünə deyən insanla dostluq etmək olar. Əsl dost dar gündə tanınar. Əgər o əsl dostdursa, səni darda qoymayacaq, sənin sözünü başqasına deməyəcək, sənin arxanca danışmayacaq. Əsl dost sənin pis günündə də, şad günündə də yanında olmalıdır. Əsl dost bir-birinə güzəştə getməyi, bir-birini bağışlamağı bacarmalıdır.
Dostluqda da müəyyən sərhədlər gözlənilməlidir. Bu münasibətlər həddini aşmamalıdır. Çünki su da artıq içiləndə insana dərd verir. Atalarımız gözəl deyib: «Güc birlikdədir.» Dostluq tək insanlar arasında deyil, millətlər, xalqlar, dövlətlər arasında da olmalıdır. Bu dostluq nə qədər qırılmaz tellərlə bir-birinə bağlanarsa, insanlar o qədər xoşbəxt və firavan yaşayarlar.
Necə ki, bizim bədxah qonşularımız bu dostluqdan sui-istifadə etdilər. Üzümüzdə bizə dost deyib, ayağımızın altını qazıdılar. Belə dostluq dostluq deyil, bu qərəzli dostluqdur. Dostluq qərəzsiz olmalıdır.
Dostu qazanmaq asandır, qorumaq çətin. Atalar sözündə deyildiyi kimi: «Ağac kökləri ilə insan dostları ilə var olar.»
Bizim yaxşı və etibarlı dostlarımız nə qədər çox olarsa, köklərimiz də torpaqda o qədər möhkəm olar. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olar.
Dostu olmaq böyük xoşbəxtlikdir. Kimin çox dostu varsa, o həyatda daha inamlı olar. Üzləşdiyi problemləri daha asanlıqla dəf edər.
Biz əsl dostluğu tərənnüm edən çoxlu kitablar oxuyur, filmlərə baxırıq. Həyatda, dostluqda etdiyimiz səhvləri bu nümunələr əsasında düzəldirik. Mən hər kəsə həqiqi dost arzu edərdim. Arzu edərdim ki, hər kəs dostluqda möhkəm və sədaqətli olsun.