Dostsuz insan qanadsız quşa bənzər. Uçmaq, fəzalara qalxmaq istər, qalxa bilməz, tappıltı ilə yerə düşər, daha ağır olar onun üçün.
        Məhşur bir kəlam var: «özünə dost axtarmayan, özü-özünün düşmənidir.» Odur ki, özünə yaxın olmaq istəyirsənsə can yoldaşın, qəlb ortağın olmalıdır.
        Dostluq insan həyatında misilsiz rol oynayır. Atalar deyib ki, «Dostunu göstər, deyim necə adamsan? - yəni dost ikinci mən deməkdir. Bir sözlə, dostumun xarakter və keyfiyyətləri mənimki ilə eynidir deməkdir.
        İnsan həyatı hər cür «sürprizlərlə» doludur. Sevinci, kədəri, yaxşısı, pisi, problemləri və s. Bu anlarda insan çoxları ilə bölüşür, dərdləşir, məsləhət alır, lakin ürəyi soyumur. Özünə, qəlbinə daha yaxın olan kimi isə, kimləri isə axtarır. Onu tapıb problemini onunla bölüşdükdən sonra bir rahatlıq əldə edib sakitləsir.
        Xoşbəxt o insandır ki, yaxşı və pis günlərində, ən çətin anlarında üzünü dostunun, dostunun özünün yanında görsün. Bir xalq deyimində olduğu kimi, «Yaxşı dost dar gündə tanınar.» Yəni dar gündə güvənəcəyin insan! Belə insan heç vaxt səni darda qoymaz. Belə insan, belə dost sənin həm mənəvi, həm də maddi sərvətindir.
        Dost - dostluq deyilən bu ülvi varlıq bir gün, beş günlə deyil, zamanzaman müəyyənləşir. Yəni illər boyu sınaqdan çıxır, mətinləşir, bərkiyir, əsl dostluğa çevrilir. Dostluq zərgər dəqiqliyi, aqil kamilliyi, düzgün ölçü-biçi tələb edən bir varlıqdır. Bu varlıqda nəyinsə çox, nəyinsə azlığı bu tarazlığı pozar. Dostluq- həssaslıq, nəciblik, yaxınlıq, doğmalıq və s. kimi ali məqamları üzündə cəmləşdirir.
        Böyük səmimiyyət, bir-birindən sirr saxlamamaq, bir-birinə yaxınlıq, doğmalıq, bağlılıq hissləri, dost və dostluğa xatir yeri gəldikdə öz şəxsi maraqlarından keçmək- budur əsl dostluğun bariz nümunəsi.
        Dostlarım çoxdur. Bunların içərisində sinif yoldaşı, qonşu və bəzi qohumlarımdan olan dostlarım var. Mənim özüm də dostlarım üçün örnək saydığım keyfiyyətlər var. Hansıdır onlar? Mən dostlarımı necə seçirəm?
        Əsl insana xas olan əlamətlər: sadəlik, təvazökarlıq, səmimilik, mehribanlıq, şən, gülərüzlülük, fərasətlilik. Bütün bu xarakterlərə malik insan elə kamil, mükəmməl insandır. Belə insanın dostluğu da tam olar. Əsl dostluq bir-birinə qarşılıqlı hörmətə, qayğıkeşliyə söykənir.
        Mənim dostlarımla aramızda belə şərtlərimiz var. Bir-birimizin səhv və çatızmazlıqlarımızı üzümüzə deyib, səhvlərimizdən nəticə çıxaraq. Budur, bizim dostluq devizimiz.
        Bütün sadaladığımız xüsusiyyətlər əgər mən dost saydığım o şəxsdə varsa, bu dostluq tarixin hər bir ağır sınaqlarından çıxar. Yaşadığımız həyat boyu öz təmkin və tarazlığını pozmaz.

 
Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə, gülüşlə, sözlə.
Mən öz varlığımı, öz ünvanımı,
Tapıram hər yeni gəlişinizlə.

        İnsanlara, gənc həmvətənlərimə məhz belə dost və dostluq arzulardım!
Top