Məktəb illərinin başa çatması gənclər üçün yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də valideynləri ilə məsləhətləşirlər. Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər verirlər.
Mənim qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur. Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana bilərsən.
Mən də artıq öz seçimimi etmişəm. Bizim ailəmiz həkimlər ailəsi kimi tanınır. Babam məşhur cərrahdır. Anam uşaq poliklinikasında göz həkimi işləyir. Qardaşım Azərbaycan Dövlət Tibb Universitetinin sonuncu kurs tələbəsidir. Mən də ailəmizin ənənəsini davam etdirməyi və həkim olmağı qərarlaşdırmışam. Açığı, məndə bu peşəyə marağı babam oyadıb. O məni bir neçə dəfə işlədiyi xəstəxanaya aparıb. Ilk dəfə babamın ağ xalatlı dostları ilə tanış olanda çox həyəcanlı idim. Onlar xəstələrlə nəvazişlə davranırdılar. Babam da yanına gələn xəstələrin dərdlərinə qəlbən şərik olur, onları səbirlə dinləyir və dəyərli məsləhətlər verir. Hər cərrahiyyə əməliyyatı aparan zaman babam narahat anlar yaşayır. Uğurlu keçən əməliyyatdan sonra isə babam özünü çox xoşbəxt hiss edir.
Ailəmizin ünvanına tez-tez Azərbaycanın müxtəlif bölgələrindən anamın və babamın keçmiş xəstələrindən məktublar gəlir. Sağalıb gümrah halda öz ailələrinin, uşaqlarının yanına qayıdan insanlar onlara ikinci həyat bəxş etdiklərinə görə anama və babama ən səmimi duyğularını çatdırırlar.
Göründüyü kimi, həkimlik çox nəcib, hamıya gərək olan peşədir. Ancaq mən başa düşürəm ki, bu peşə nəcib olduğu qədər də məsuliyyətlidir. Axı, söhbət insan taleyindən gedir. Hansısa bir səhv, ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Buna görə də həkim elmin sirlərinə mükəmməl yiyələnməli, müasir tibb cihazları ilə işləməyi bacarmalı, ən əsası da öz məsuliyyətini heç vaxt yaddan çıxarmamalıdır. Mən də dərslərimi «əla» qiymətlərlə oxumağa çalışıram, tibbə aid çoxlu əlavə ədəbiyyat mütaliə edirəm.