26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyitləri arasında çaşbaş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin...
        Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər əsir götürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqınm törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini «məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq» kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.
        Ölkəmizin paytaxtı Bakıda Xocaiı soyqırımı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına - bizim hamımıza ünvanlanan harayıdır. Ana Vətən narahatdır. Xocalı soyqırımının qisası hələ alınmayıb. Tökülən nahaq qanlar, işğal altında qalan torpaqlarımız, şəhidlərin narahat ruhu intiqam tələb edir. Şair Zəlimxan Yaqub yazır:

 
Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi,
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalsın,
Ucalım, Xocalım, ay Xocalım.

        Bəli, Xocalı faciəsi bizim hər birimizin qan yaddaşına yazılmalıdır! Həm də təkcə Xocalı faciəsi yox. Ermənilər, xalqımıza qarşı bəd əməllərini tarix boyu təkrarlamışlar. Onların ötən əsrin 1918-1920, 1937-1940, 1948- 1953-cü illərində Bakıda, Şamaxıda, Zəngəzurda törətdikləri kütləvi qırğınlar buna misaldır. Biz tariximizin bu qara səhifələrini heç vaxt yaddan çıxarmamalıyıq. Bilməliyik ki, gözəl Vətənimizə göz dikən. xalqımızın qanına susayan əbədi düşmənimiz var və biz torpağımızı yağmalamağa fürsət gözləyən qarı düşmənin gələcək fitnə-fəsadlarının qarşısını almağa həmişə hazır olmalıyıq. Biz Xocalını, digər itkilərimizi başımız üzərinə qaldırıb elliklə düşmənin üstünə getməliyik. Bu bizim zəfər yürüşümüz olmalıdır!
Top