İlin dörd fəslindən hər biri özünəməxsus gözəlliyi, rəngi, insanlara bəxş etdiyi əhvali-ruhiyyə ilə digərindən fərqlənir. Bəyaz qış şaxtası, qan ilə cəlbedicidir. Soyuq qış günlərində parklarda, kənd yollarında gəzişmək, inscins gözə dəyməyən meşədə ova çıxmaq adama sehrli nağıl təsiri bağışlayır. Hər tərəf ağappaq örpəyə bürünüb, ətrafa çökən sükutu pozmaq belə istəmirsən. irəlilədikcə ayağının altında qalan yumşaq qar xırıldayaraq yapıxır, lakin quşbaşı yağan qar arxanca əmələ gələn ləpirləri bir azdan tamam yox edir. Haradasa uzaqlarda ağacdələnin səsi eşidilir: «taq», «taq», «taq». Hərdənbir ağacların dibindən hürkmüş boz dovşan sıçrayaraq güllə kimi qaçmağa başlayır. Yem tapmaqda çətinlik çəkən boz sərçələr tüklərini qabardaraq ağacların budaqlanna qonub mürgü vururlar. Adam birbirini tamamlayan qış mənzərələrinin əsrarəngiz gözəlliyindən doymaq bilmir. Sevincdən qeyri-ixtiyari qəlbin fərəhlənir, sinə dolusu nəfəs almaq istəyirsən. Hələ mən şaxtalı-qarlı havalarda uşaqların xizək sürmələrinin, təpəciklərdən sürüşmələrinin, bir-biri ilə qartopu oynamalarının, qar adam düzəltmələrinin sevincini demirəm. Uzun qış gecələrində isti sobanın qırağında nənələrin, babaların söylədikləri nağıllara qulaq asmağın da bir ayrı ləzzəti var.
Lakin çox keçmir ki, hansısa bir sehirli qüvvə qarı, buzu əritməyə başlayır. Hər tərəf sel-suya qərq olur. Küləklər göyün üzündəki buludlan qovub aparır. Havalar yavaş-yavaş isinir. Bu, yazdır. Ilin çiçək fəsli başlayır. Təbiət qış yuxusundan oyanır. Tumurcuqlar şişir, elə bil çırtlayıb açılmağa kiçik bir səbəb axtarırlar. Çayların suyu artır, dərələrə, düzlərə, çəmənliklərə sanki allı-güllü yaşıl xalı sərilir. Quşlar yazın gəlişini cəh-cəhlə, şirin nəğmələrlə qarşılayırlar. İnsanın qəlbində min bir arzu baş qaldırır.
Şıltaq yaz günləri isti yay ayları ilə əvəzlənir. Yay həm uşaqların, həm də böyüklərin çox gözlədikləri fəsildir. Bu da təsadüfi deyil. Yazın son ayında məktəblərdə dərs ili başa çatır. Qarşıdan uzun yay tətili gəlir. Hərə yay tətilini bir cür keçirməyi xoşlayır. Kimi uzaq-uzaq ölkələrə səyahətlər etmək barədə düşünür, kimi də istirahətini respublikamızın Lənkəran, Quba, Zaqatala, Şəki, Qax, Qəbələ, Nabran kimi dilbər guşələrində keçirməyə üstünlük verir. Abşeron bağları, Xəzərin qızıl qumlu sahilləri də qızmar yay günlərində çoxlarını özünə cəlb edir. Yaddaşlarda xoş xatirələrlə qalan yay tətili uzun olsa da, tez ötüb keçir. Bir də görürsən ki, artıq sentyabra - payızın ilk ayına lap az qalıb, yır-yığış vaxtıdır. Bəli, hər şeyin öz vaxtı var. Böyüklər işə qayıtmağa, məktəblilər isə yeni dərs ilinə hazırlıq görməyə başlayırlar.
Adətən, el arasında payıza «qızıl payız» deyirlər. Bu, bir tərəfdən payızda məhsulun yetişməsi ilə bağlıdır. Bəli, payız-məhsul fəslidir. Insanlar zəhmətlərinin bəhrəsini əsasən payız aylarında görürlər. Bağlarda meyvələr yetişir, alma, armud, üzüm, nar, heyva şirinləşir. Digər tərəfdən isə, «qızıl payız» ifadəsi payızda təbiətin büründüyü qızılı rənglə əlaqədardır. Günlər ötdükcə ağacların yarpaqları seyrəlir, bağlarda, parklarda, meşələrdə sanki yerə sarı-qızılı rəngli xalı döşənir... Havalar da artıq tez-tez dəyişir. Gah günəş çıxır, gah bərk külək əsir, gah da göyün üzünü qara buludlar örtür, hər tərəfi çiskin bürüyür, yağış yağmağa başlayır.
Göründüyü kimi, ilin fəsilləri öz rəngarəng cəhətləri ilə bir-birindən fərqlənirlər. Elə buna görə də insanlar hər fəslin gəlişini səbirsizliklə gözləyirlər.