Təbiət həyat rəmzidir. Ta qədimdən insanlar ətraf aləmlə sıx təmasda olmuş, təbiətin sərvətlərindən gen-bol bəhrələnmişlər. Min illər boyu insana elə gəlmişdir ki, təbiətin ehtiyatları heç vaxt tükənməyəcək. Lakin zaman ötdükcə Yer üzündə əhalinin sayının artması, sənayenin sürətlə inkişaf etməsi və digər səbəblər üzündən insanların təbiətə müdaxiləsi daha geniş hal almışdır. Bunun nəticəsində isə ətraf aləmdəki tarazlıq, təbiətin özüözünü tənzimləmə funksiyası bu və ya digər dərəcədə pozulmuşdur. Hazırda ətraf mühitin çirklənməsi çox təhlükəli həddə gəlib çatmışdır. Alimlər hesablamışlar ki, hər il dünya üzrə sənaye müəssisələrinin fəaliyyəti nəticəsində təxminən bir milyon ton toz və digər zərərli maddələr yaranır. Eyni zamanda iri şəhərlərdə sayı getdikcə artan avtomobillərdən də atmosferə böyük miqdarda zərərli qazlar buraxılır. Bütün bunlar udduğumuz havanın, içdiyimiz suyun, meyvə-tərəvəz əkib-becərdiyimiz torpağın müvafiq dərəcədə çirklənməsi deməkdir. Hazırda mövcud meşələrin, yaşıllıq sahələrinin yanacaq və digər məqsədlərlə qırıldığını da nəzərə alsaq, onda insan fəaliyyətinin ana təbiətə vurduğu ziyanın miqyası barədə konkret təsəw ür yaranar.
Atmosferin, dünya okeanının çirklənməsi, ozon qatının zədələnməsi ekoloji böhranın əlamətidir. Heç təsadüfi deyildir ki, insanlar zaman-zaman qeyri-adi təbiət hadisələrinin şahidi olurlar. 1952-ci ildə Bakıya çirkli yağış, 1963-cü ildə yağlı yağış yağmışdır. 1953-cü ildə təbiət insanları ismayıllı rayonuna yağan qara qarla, qonşu Gürcüstana yağan qırmızı qarla heyrətə salmışdır. 1961, 1962, 1975-ci illərdə isə başqa bir qeyri-adi təbiət hadisəsi baş vermişdir - Bakı şəhəri tozqarışıq dumana qərq olmuşdur. Müxtəlif illərdə Sumqayıt şəhərinə də çirkli yağışlar yağmışdır.
Mütəxəssislər bütün bu qeyri-adi təbiət hadisələrini müxtəlif mənbələrdən atmosferə buraxılan zərərli qazlarla, tozla və digər tullantılarla bağlı olduğunu bildirirlər.
Respublikamızın ərazisində Bakı və Sumqayıt şəhərlərindəki neft və kimya sənayesi müəssisələri, Qaradağ rayonundakı sement zavodu, Daşkəsəndəki dəmir filizi yatağı, Gəncədəki alüminium zavodu atmosferi, yaxınlıqdakı su hövzələrini daha çox çirkləndirir. Bundan başqa, Azərbaycana qonşu Gürcüstandan və Ermənistandan daxil olan Kür, Araz və onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay kimi qolları da həmin respublikaların ərazisində ciddi çirklənməyə məruz qalır. Məsələn, Ermənistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayın suyunu tamamilə yararsız hala salmışdır. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə respublikamızın təbiətinə ciddi ziyan vurmuşdur. Belə ki, işğal altında qalan ərazilərimizin flora və faunası bir ucdan məqsədli şəkildə məhv edilir, meşələrimizdəki qiymətli ağac növləri kəsilərək Ermənistanın mebel istehsal edən fabriklərinə daşınır. Ermənilərin işğal etdikləri Zəngilan rayonunun ərazisindəki Bəsitçay dövlət qoruğunu vəhşicəsinə talamaları isə heç nə ilə müqayisə oluna bilməyəcək bəşəri cinayətdir. Burada təkcə təbiətə yox, həm də tarixə qəsd edilir. Ermənilər qoruqda 2-3 min il yaşı olan çinar ağaclarına balta çalır, sonra da onların kökünü partladaraq izi itirirlər.
Bütün bunlar bizi həyatın mənbəyi olan təbiətə daha həssas münasibət bəsləməyə səsləyir. Nəhayət, təbiətin harayı eşidilməlidir. Əks halda çox gec ola bilər.
Təbiətin yaralarını sağaltmaq, ətraf mühitlə bağlı problemləri ayrılıqda götürülmüş bir ölkə çərçivəsində aradan qaldırmaq mümkün deyil. Yuxanda haqqında söhbət açdığımız Bəsitçay dövlət qoruğunun taleyi buna misaldır. Məlum səbəblər üzündən Azərbaycan qoruqdakı çinar meşəsini mühafizə edə bilmir. Buna görə də beynəlxalq birlik ermənilərin təbiətə münasibətdə bədxahlıqlarının qarşısını almalıdır. Axı, sözügedən qoruq Azərbaycanın sərvəti olmaqla bərabər, həm də bütün bəşəriyyətə məxsusdur. 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza Ukraynanın, qonşu Belorusun təbiətinə, insanlarına böyük ziyan vurdu. Həmin fəlakətin dəhşətli nəticələrinin aradan qaldırılmasında bir çox xalqlar, o cümlədən də respublikamızın təmsilçiləri yaxından iştirak etdilər, yüzlərlə azərbaycanlı əlillik qazandı. Təbiətin qorunması, yəni bəşəriyyətin gələcəyinin xilas edilməsi naminə bütün dünya ölkələri birlikdə mübarizə aparmalı, qüvvələri birləşdirməlidirlər. Bu halda nəticə daha səmərəli olar.
Yaxşı haldır ki, artıq bu istiqamətdə işə start verilmişdir. Dünyanın 159 ölkəsini öz sıralarında birləşdirən Birləşmiş Millətlər Təşkilatının nəzdində ətraf mühitin mühafizəsi üzrə beynəlxalq agentlik yaradılmışdır. Bu təşkilat beynəlxalq ictimaiyyətin diqqətini planetimizin ən vacib ekoloji problemlərinə yönəldilir.