Azərbaycan Respublikasının relyefi çox müxtəlidir. Burada iki əsas relyef forması- düzənliklər və dağlar üstünlük təşkil edir. Azərbaycan ərazisinin 60%-ə qədərini dağlıq ərazilər tutur.
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən 9-u burada olduğu müəyyən edilmişdir.
Respublikanın sıx çay şəbəkəsi onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Azərbaycanda küllü miqdarda dağ çayları mövcuddur.
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin, demək olar ki, hamısı respublikamızda yayılmışdır.
Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Respublikamız bir çox nadir kol növlərinin vətəni sayılır.
Azərbayan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafı əyalətlərin qovşağında yerləşir. Təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.
Azərbaycan ərazisində müxtəlif kimyəvi tərkibli mineral mənbələri mövcuddur. Tərkib zənginliyinə görə Azərbaycanı «mineral sular muzeyi» adlandırırlar.
Azərbaycanın təbiəti çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin, füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Biz təbiətə məhəbbət və qayğı ilə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - faunasını qorumalıyıq. Yaşıllıq insana çörək qədər lazımdır. Çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir.