Mənim ailəm böyük deyil. Biz ailədə beş nəfərik. Atam, anam, mən, bacım və nənəm. Atamın qırx beş yaşı var. O, jurnalistdir, qəzetdə işləyir. O, öz sənətini çox sevir. Atam hər axşam iş otağında bir neçə saat işləyir, müxtəlif mövzularda məqalələr yazır. Atam deyir ki, qələm onun üçün böyük məsuliyyət deməkdir, gərək hər mövzunu ətraflı öyrənəsən və onu yüksək peşəkarlıqla qələmə alasan. Mən atamın işini çox xoşlayıram. O, tez-tez maraqlı insanlarla görüşür, respublikamızın bölgələrinə və xarici ölkələrə səfərlərə gedir. Sonralar bu görüşlər, səfərlər maraqlı məqalələrə çevrilir. Atamın ilk oxucuları ailə üzvləridirlər. O yazdığı hər məqaləni ilk dəfə bizə oxuyaraq fikrimizi öyrənir. Atam öz mövqeyini, adətən, faktların dili ilə əsaslandırır və biz ümumi qənaətə gəlirik.
        Anamın qırx iki yaşı var. O, Azərbaycan Dövlət Dillər Universitetini bitirib və hazırda Bakı Dövlət Universitetində ingilis dili müəllimi işləyir. Anam taleyini bağladığı müəllimlik peşəsinin vurğunudur. O öz ixtisasını, sənətinin incəliklərini yaxşı bilir və tələbələri ilə asanlıqla dil tapmağı bacarır. Anamın çoxlu yetirmələri var. Onların sorağı dünyanın müxtəlif ölkələrindən, ayrı-ayrı beynəlxalq təşkilatlardan gəlir. Anam öz yetirmələri ilə fəxr edir, onların hər xoş sorağına qəlbən sevinir. O, universitetin ictimai həyatında da yaxından iştirak edir. Otən il anamın universitetdə ingilis dilində təşkil etdiyi beynəlxalq konfransda mən də iştirak etdim. Bu, maraqlı bir tədbir idi. Konfransa çoxlu qonaqlar təşrif gətirmişdilər. Anam həm də bir neçə kitab və dərslik yazıb, lüğətlər çap etdirib. Ailədə onun da ilk məsləhətçiləri biz oluruq.
        Mənim bacım Sevdanın on beş yaşı var. Hər ikimiz eyni məktəbdə təhsil alırıq. Bacım doqquzuncu sinifdə oxuyur və dərs əlaçısıdır. O, çox məsuliyyətli qızdır, müəllimlərinin verdikləri tapşınqları axıradək hazırlamayınca rahatlıq tapa bilmir. O, boş vaxtlarında çoxlu bədii kitablar oxuyur, televizorda bədii filmlərə baxmağı xoşlayır. Şəkil çəkmək, parçalar üzərində tikmələr işləmək onun sevimli məşğuliyyətidir. Bacımın çəkdiyi təbiət mənzərələri və sevə-sevə hazırladığı əl işləri bir neçə dəfə şəhərimizdə keçirilən gül bayramında nümayiş etdirilib. O, həm də mənim ən yaxın köməkçim və rəfiqəmdir. Mən dərslərimdə çətinlik çəkəndə ona müraciət edirəm. O isə öz köməyini heç vaxt məndən əsirgəməz.
        Nənəmin yetmiş yaşı var. O, uzun müddət Azərbaycan Elmlər Akademiyasında çalışıb, filologiya elmləri namizədidir. Bir neçə ildir ki, təqaüdə çıxıb. O, boş vaxtlarında bizə maraqlı əhvalatlar, nağıllar söyləyir. Nənəm evdə hamının köməkçisidir və heç vaxt «yorulmuşam» kəlməsini dilinə gətirməz. O tez-tez milli xörəklər bişirir. Nənəmin hazırladığı plovu, xəngəli, müxtəlif növ dolmaları ailənin hər bir üzvü ləzzətlə dadır.
        İndi isə sizə özümü təqdim etmək istəyirəm. Mən ailənin sonbeşiyiyəm. On dörd yaşım var. Səkkizinci sinifdə oxuyuram. Mən də bacım kimi dərs əlaçısıyam. Artıq gələcəkdə kim olacağımı da müəyyənləşdirmişəm - həkim olmaq ən böyük arzumdur. Bu peşəyə məndə marağı atam oyadıb. O deyir ki, dar ayaqda insanların köməyinə çatmaq, xəstələrə şəfa vermək çox savab işdir. Mən başa düşürəm ki, təkcə arzu ilə iş bitmir, yaxşı həkim olmaq üçün gərək çox oxuyasan. Buna görə də mən tibbə aid çoxlu kitablar oxuyuram.
        Biz tətilləri, bayram günlərini ailəliklə bağ evimizdə keçirməyi xoşlayırıq. Atam burada meyvə ağacları, tərəvəz əkib. Biz ona təsərrüfat işlərində yaxından kömək edirik. Bağda işləmək mənim çox xoşuma gəlir. Ağaclar da sanki canlıdırlar, insan qayğısını hiss edirlər. Onlara yaxşı qulluq göstərəndə tez böyüyür və yaxşı məhsul verirlər.
        Mən ailəmi çox sevirəm. Hesab edirəm ki, ailə kiçik cəmiyyətdir. Bu cəmiyyətin inkişafına, nailiyyətlər qazanmasına ailənin hər bir üzvü çalışmalıdır.
Top