Təxminən 800 kilometr məsafədə doğma Azərbaycanımızın sahillərini yuyan bir inci var - mavi sulu Xəzər. Düzdür, Xəzər beş ölkənin dənizidir. Rusiya Federasiyası, İran, Qazaxıstan, Türkmənistan kimi ölkələr də bu dənizin sahillərində yerləşir. Ancaq bizlərdən hər birimiz Xəzərə övlad anaya isinişən kimi öyrəşmişik və qəlbimizdə ona xoş duyğular bəsləyirik. Bizi Xəzərlə bağlayan tellər çoxdur. Daha dəqiq ifadə etsək, bu dəniz taleyimizin bir hissəsinə çevrilmişdir. Mən onu elə belə də çağırıram: mənim doğma, sevimli Xəzərim!
Mən Xəzərə olan sonsuz məhəbbətim barədə tez-tez düşüncələrə dalıram: bu dənizi mənə sevdirən nədir? Nə üçün mən həyatımı Xəzərsiz təsəvvür etmirəm? Bu sualların cavabı sadədir: məni bu dənizlə çoxlu xoş xatirələr bağlayır.
Mənzilimizin eyvanından Xəzərə füsunkar mənzərə açılır. Mən tez-tez eyvanda oturub bu mənzərəni seyr edirəm. Lakin hər dəfə sanki bir yenilik kəşf edirəm. Səhərlər üfüqdən boylanan günəş ayna kimi parlayıb bərq vuran sularda al-qırmızı rəngdə əks olunur. Lacivar dalğalann həzin pıçıltılarını lap yaxında hiss edirsən. Sanki dalğalar da canlıdırlar - hələ yatan şəhəri yuxudan oyatmamaq üçün sakit-sakit sahilə toxunub ehtiyatla geri çəkirlər. Çox keçmir ki, dəniz sahilinin sehirli sükutu pozulur. Dənizi sevən, qəlbən ona bağlı olan insanlar sahil bağına tələsir, Xəzərlə görüşə gəlirlər.
Günəş qüruba enib şər qarışanda isə mənim Xəzərimin başqa bir büsatı olur. Heç təsadüfi deyildir ki, Xəzərin axşam mənzərələri dillər əzbərinə çevrilmiş, bu barədə çoxlu şeirlər, mahnılar yazılmışdır. Məgər işıqları sayrışan bulvarda keçən anların, mavi sulann qoynunda gəmi ilə dəniz gəzintisinə çıxmağın, sahil zolağı boyunca uzanan məhəccərlərə söykənib uzaqlarda dənizlə səmanın qovuşmasını seyr edərək şirin xəyallara dalmağın ləzzətini başqa bir şeylə əvəz etmək mümkündürmü? Əsla! Hər bir bakılı, bu şəhərdə doğulub boya-başa çatan hər bir gənc belə unudulmaz dəqiqələri əbədi olaraq öz yaddaşına həkk edir və bundan sonsuz qürur duyur.
Mən yay tətilini, adətən, Abşeronun Şimalında Ləiş massivində yerləşən bağ evimizdə keçirirəm. Yaxın lıqda çimərlik yerləşir. Axşam-səhər bura adamla dolu olur. Sevimli Xəzər isti yay günlərində bakılıları, şəhərimizin qonaqlarını sehirli bir qüvvətək özünə çəkir. Uşaqlar da, böyüklər də sonsuz sevinclə dənizlə təmasa can atırlar. Burada mavi suların qoynunda, qızıl qumlu sahillərdə keçirdiyim anlar yay tətilimin ən mənalı hissəsini təşkil edir.
Xəzərdə gəmi ilə dəniz gəzintisinə çıxmağın da bir özgə ləzzəti var. Mən dəniz gəzintisini axşam saatlarında daha çox xoşlayıram. Bu gəzintilər zamanı mən, adətən, gəminin ön hissəsini seçirəm. Gəmi irəlilədikcə sular sanki ona yol açır. Beləcə, adamın qəlbində sonsuzluğa qədər olan məsafəni qət etmək, səma ilə dənizin birləşdiyi yerə çatmaq istəyi yaranır. Motorun səsinin dəyişməsi, gəminin ləngər vurub yana əyilməsi səni xəyallardan ayırır. Gəmi geri dönüb sahilə qayıdır. Şəhərə yaxınlaşdıqda Bakının gözəlliyinə heyran qalırsan. Sahil boyunca qövs şəklində uzanan Dənizkənarı parkın sayrışan işıqları mavi sularda əks olunur. Uzaqdan adama elə gəlir ki, Qız qalası, digər möhtəşəm tikililər birbaşa dənizdə «lövbər» salmışlar...
Lakin Xəzər yalnız gözəllik rəmzi, əla istirahət məkanı deyil, onun həm də böyük iqtisadi əhəmiyyəti var. Xəzərin sahilləri boyunca uzanan ərazilərdəki yaşayış məntəqələrində insanlann həyat və məişəti, dolanışığı dənizlə sıx bağlıdır. Xəzərdə mövcud olan balıqların əksəriyyəti onun Azərbaycan sahillərində də yaşayır. Ag balığın qiymətli növləri olan nərə, uzunburun, bölgə və s. Azərbaycan sahillərində daha çox yayılmışdır. Bundan başqa, dəniz nəqliyyatı ilə daşınan yüklər respublikamıza böyük gəlir gətirir.
Xəzərin əsas sərvətlərindən biri də neftdir. Burada «Neft Daşları»nın istismara verilməsi ilə dünyada açıq dənizdə «qara qızıl» hasilatının təməli qoyulmuşdur. Hazırda xarici şirkətlərin köməyi ilə Xəzərin daha dərin hissəsində yerləşən «Azəri», «Günəşli», «Çıraq» kimi məhsuldar yataqlardan neft və qaz hasil edilir.
Lakin Xəzərin təbii sərvətlərindən geniş istifadə olunması onun ehtiyatlarının qorunmasına, çirklənməsinin qarşısının alınmasına daha artıq dərəcədə diqqət yetirməyi tələb edir. Buna görə də Xəzəri sevən insanlar onu qorumaq naminə qüvvələrini birləşdirməlidirlər.