Şair nə gözəl yazıb: təbiət ilhama çağırır məni! Həqiqətən də. Təbiət sehrli bir qüvvətək həmişə insanı özünə çəkmişdir. Məgər zirvəsi göylərə dirənən Şahdağın, yamyaşıl Talış, Pirqulu meşələrinin, Mil, Muğan düzünün, göz işlədikcə uzanıb gedən mavi Xəzərin, Göygölün, ayna bulaqların gözəlliyinə biganə qalmaq mümkünmü? İnsan təbiətin qoynunda olanda bütün yorğunluğunu, dərd-qəmini unudur, dünyanı qayğısız, pak təsəwür edir.
        Təbiət həyat mənbəyidir. O bizə ilham verir, ruhumuzu oxşayır. Ana təbiət doğma Azərbaycanımızdan öz səxavətini əsirgəməmişdir. Yer üzündəki iqlim qurşaqlarının doqquzuna çox da böyük olmayan respublikamızın ərazisində rast gəlmək mümkündür. Bu da Azərbaycanda flora və faunanın rəngarəngliyinə səbəb olur. Heç təsadüfi deyildir ki, respublikamızda bir bölgənin təbiəti digər bölgənin təbiətindən xeyli dərəcədə fərqlənir.
        Azərbaycan dağlar ölkəsi kimi tanınır. Respublikamızın ərazisi Şimaldan Böyük Qafqaz, Qərbdən kiçik Qafqaz sıra dağları, Cənubdan isə Talış dağları ilə əhatə olunub. Ölkənin mərkəzi hissəsində Xəzər dənizinin şərq sahillərinədək uzanıb gedən Kür-Araz ovalığı yerləşir. Kür, Araz kimi çaylar, mülayim iqlim, bol günəş şüası respublikanın aran rayonlarını bütün ilboyu növbəli əkinçilik üçün əlverişli məkana çevirmişdir, əksinə dağlıq ərazilərdə maldarlıq əhalinin əsas məşğuliyyətidir.
        Lakin unutmaq olmaz ki, təbiətin səxavəti tükənməz deyildir. Gərək, təbiətə doğma münasibət bəsləyəsən, heyvanları, quşları, bitki örtüyünü təhlükələrdən qoruyasan. Təbiətin gözəlliyi həm də böyük məsuliyyət deməkdir.
        Bitki və heyvanat aləminin mühafizəsi məqsədilə respublikamızın ərazisində 12 dövlət qoruğu, 4 milli park və 16 yasaqlıq yaradılmışdır ki, onların da ümumi sahəsi 460 min hektardan çoxdur. Milli parklarda, yasaqlıqlarda insanların təsərrüfat fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılır, qoruq ərazilərində isə belə fəaliyyət ümumiyyətlə, qadağan edilir, giriş-çıxış xüsusi icazə ilə həyata keçirilir. Buna görə də bu ərazilərdə flora və faunanın zənginləşməsinə, təbiətə dəyən ziyanın bərpasına hər cür imkan vardır.
        Respublikamızda ən iri təbiəti mühafizə zonalarından sayılan Qızılağac dövlət qoruğu 1929-cu ildə Xəzər dənizinin Muğan düzü ilə qovuşduğu ərazidə yaradılmışdır. Qoruqdakı qamışlıqlar, bataqlıqlar Avropadan, Asiyadan uçub gələn quşların qışlaması üçün əsl təbii sığınacaq rolunu oynayır. Burada ildə təxminən 10 milyonadək quş qışlayır.
        Respublikamızın Şirvan düzünün şərq hissəsində yaradılan Şirvan milli parkı əsasən ceyranlar məskəni kimi tanınır. Parkın ərazisində sevimli şairimiz S.Vurğunun sevə-sevə vəsf etdiyi təbiət gözəlinin - ceyranın nəsil artımı üçün əlverişli coğrafi mühit vardır. Böyük Qafqaz dağlannın cənub yamacında təşkil edilən Zaqatala dövlət qoruğunun isə həm florası, həm də faunası zəngindir. Qoruğun ərazisi sıx meşələrlə və çəmənliklərlə örtülüdür. Burada maral, köpkər, dağ kəli, cüyür, ayı, müxtəlif quşlar qorunur.
        Respublikamızın ərazisindəki ayrı-ayrı qoruqlar, milli parklar isə bilavasitə bitki örtüyünün, meşələrin qorunması məqsədilə yaradılmışdır. 1974-cü ildə yaradılan Bəsitçay dövlət qoruğunun ərazisində təxminən 2-3 min il yaşı olan çinar ağacları təbii halda qorunur. Təəssüf ki, bu qoruq ermənilərin işğal etdikləri ərazilərdə qalmışdır və bu səbəbdən də ona ciddi ziyan dəyib.
        Hirkan milli parkında isə dünya florasında nadir ağaclardan sayılan dəmirağac, şabalıdyarpaq palıd, azat, Lənkəran akasiyası, Hirkan şümşadı və başqa qiymətli ağaclar, kollar mühafızə edilir.
        Müxtəlif illərdə respublikamızın ərazisində yaradılan Göygöl, Türyançay, Pirqulu, Qarayazı dövlət qoruqlarında, Ordubad milli parkında, Qusar, Şirvan, Şəmkir, Ağgöl yasaqlıqlarında da təbiəti mühafizə tədbirləri həyata keçirilir, flora və faunamızın bir sıra nadir nümunələri qorunub saxlanılır.
        Bitki örtüyünün, heyvanlar aləminin mühafizəsi məqsədilə həyata keçirilən tədbirlər sevindirici olsa da, insan fəaliyyəti nəticəsində təbiətə dəyən ziyanın müqabilində çox azdır. Dünyada hər il aprelin 22-si Yer günü kimi qeyd olunur. Həmin gün insanlar onları əhatə edən ətraf aləm, hava, su, torpaq, bitkilər, heyvanlar barədə düşünürlər. Lakin çətin anlarımızda bizi qoynuna alan ana təbiət barədə ildə bir dəfə yox, hər gün, hər saat düşünməliyik.
Top