(N.Gəncəvi)
        Elmin insan həyatında, cəmiyyətin inkişafında rolu barədə çox deyilib, çox yazılıb. İslam dünyasının böyük simalarından olan Həzrəti Əlinin ölüm ayağında oğlu Həzrəti Həsənə verdiyi birinci nəsihət belə idi: «Zənginliyin ən böyüyü ağıldır». Həqiqətən də, elm öyrənib ağıl, zəka sahibi olan insanın zənginliyini heç nə ilə müqayisə etmək mümkün deyil. Elmli insan cəsarətli olur, həyatın enişli-yoxuşlu yollarında büdrəmir, qarşısına çıxan çətinlikləri asanlıqla dəf edir. Elmin gücü ilə istənilən bağlı qapıya açar tapmaq mümkündür.
        Elm xəzinəsi ucu-bucağı görünməyən bir ümmana bənzəyir. Bu ümmanda çoxlu sirlər yatır. Lakin elm dəryasının sirlərinə yiyələnmək heç də asan deyil. Bundan ötrü gərək səbir, möhkəm iradə, dözüm nümayiş etdirəsən. Bu mənada böyük Nizaminin aforizmə çevrilmiş yuxarıdakı misralarında dərin hikmət var. Mütəfəkkir şair bu misralarla insanlara elm dəryasına cəsarətlə baş vurmağı, elmin incəliklərinə mükəmməl yiyələnməyi və seçdiyi, taleyini bağladığı sənətin kamil bilicisi olmağı tövsiyə edir. Ümumiyyətlə, N.Gəncəvinin yaradıcılığında elm çox yüksək dəyərləndirilir. Şair həyatda gücü, qüvvəti ancaq elmdə görür və alimin rütbəsini ən uca rütbə sanır.

 
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Hər uca rütbədən biliniz, fəqət
Alimin rütbəsi ucadır əlbət!

        Dünyanın mənzərəsini dəyişən elmi kəşflər böyük Nizaminin hələ XII əsrdə söylədiyi fikirlərin bir növ təsdiqinə çevrilmişdir. Bir zamanlar uçan xalçaların üstündə dünyanı xəyali səyahətə çıxan insanlar indi Yer kürəsinin uzaq nöqtələri arasındakı məsafəni müasir təyyarələrin vasitəsi ilə cəmi bir neçə saata qət edirlər. Vaxtilə nağıllarda dünyanı «işıqlı» və «qaranlıq» deyə iki qismə bölən, qəhrəmanları yeraltı şəhərlərə «aparan» insanlar indi hətta, dənizin dibindən ölkələri birləşdirən tunellər çəkməyə müvəffəq olmuşlar. Təkcə XX əsrdə çoxlu sayda nadir kəşflər edilmişdir. Ağılın təntənəsi adlandırılan XX əsrdə kosmosa yol açılmış, Yerin süni peykləri yaradılmış, uzaq məsafələrdən idarə olunan qurğular, mobil telefonlar kəşf edilmişdir. Evlərimizin çağrılmamış qonağına çevrilən «mavi qutu»nun düyməsini basan kimi göstərib danışması çox qəribə deyilmi? Bütün dünyanı «böyük kəndə» çevirib eyni bir şəbəkədə birləşdirən internet isə ən son yeniliklərdəndir...
        Bu siyahını uzatmaq da mümkündür. Lakin əsas sual başqadır: bütün bunlar, necə baş verir? Dünya hansı möcüzənin təsiri ilə deyişir? Xeyir, bütün bunlar möcüzə deyil və hansısa «sehirli çubuğ»un sayəsində baş vermir. Alimlər sadaladığımız və sadalamadığımız digər nəhəng kəşflərə məhz elmin qüdrəti sayəsində nail olmuşlar. Elm yolu - həqiqəti aşkarlamaq yoludur. Aqillərdən biri ona ünvanlanan «Elmdə nə axtarırsan?» sualını eləbelə də cavablandırmışdır. Mən həqiqət axtarıram. Beləliklə, ta qədimdən zəka sahibləri elmin incəliklərinə yiyələnməklə neçə-neçə həqiqəti üzə çıxarmış və insanların həyatını yüngülləşdirmişlər.
        İndi bəzən adama elə gəlir ki, artıq bizi əhatə edən aləmin bütün sirləri mənimsənilib, bundan sonra daha heç bir kəşf edilməyəcək. Lakin bu yalnız ilk baxışda belədir. Əslində isə hələ dünyanın açılmamış düyünləri çoxdur. Elm, zəka sahibləri insanları narahat edən bir sıra suallara cavab tapmağa çalışırlar. Məsələn, zəlzələlər, qasırğalar, daşqınlar, kəskin iqlim dəyişiklikləri bu gün də bəşəriyyət üçün böyük təhlükə olaraq qalmaqdadır. Şübhə yoxdur ki, elm inkişaf etdikcə, bu kimi suallara da cavab tapacaqdır. Buna görə də bütün dünya ölkələri, beynəlxalq təşkilatlar elmin inkişafı qayğısına qalırlar. Heç təsadüfi deyildir ki, ilk illərini yaşadığımız XXI əsr YUNESKO tərəfindən «Təhsil əsri» elan edilmişdir. Deməli, dünya üzrə insanlar yeni əsrdə elmi biliklərə yiyələnməyə daha artıq səy göstərəcəklər.
Top