(M.Müşfiq)
        Coşqun təbli şairimiz Mikayıl Müşfiq bu sözlərlə qəlbində Vətən sevgisi yaşadan insan övladını uca zirvəyə qaldırmışdır. Burada heç bir mübaliğə yoxdur. Vətən müqəddəs varlıqdır. O, bizi əhatə edən, yaşayışımız üçün gərək olan bütün maddi və mənəvi dəyərlərin fövqündə dayanır. Buna görə də Vətəni sevmək, onun uğrunda çalışmaq və lazım gəlsə, canını fəda etməyi bacarmaq hər kəsin yüksələ biləcəyi ən ali məqamdır.
        Mənim qənaətimə görə Vətən sevgisi bütöv və təmənnasız olmalıdır. Vətənə bütün varlığınla bağlanmalısan, onun naminə etdiklərinin müqabilində mükafat gözləməməlisən. Bəziləri belə deyirlər: «Vətən mənə nə etmişdir ki, mən də Vətən üçün çalışım?» Bu, dünyagörüşü məhdud olan, qeyri-səmimi şəxslərin mühakiməsidir. Sevimli şairimiz B.Vahabzadə belələrinə xatırladır: «Vətən borclu deyildir, biz borcluyuq Vətənə».
        Vətən sevgisi nədir? İlk baxışda mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməyi ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərlərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.
        Məşhur neftçi Fərman Salmanov geoloq idi. O, uzaq Sibirin neft ehtiyatlarının aşkarlanmasında misilsiz xidmətlər göstərmiş, bu sahədəki kəşflərinə görə keçmiş ittifaqın ən yüksək mükafatlarına layiq görülmüşdür. Beləliklə, F.Salmanov fədakar əməyi, zəngin biliyi, çalışqanlığı sayəsində Azərbaycanı məşhurlaşdırmışdır. Bundan böyük xoşbəxtliyi təsəvvürə gətirmək mümkündürmü?
        Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti Vətənə təmənnasız xidmətə ən yaxşı nümunədir. Milyonlar, aşıb-daşan sərvət, şanşöhrət Hacının qəlbində Vətən sevgisini səngidə bilməmişdir. O, halal zəhməti ilə qazandığı pulları xalqının maariflənməsinə xərcləyir, imkansızlara əl tuturdu. Bir dəfə H.Z.Tağıyevin bədxahları onun Osmanlı dövlətinə köçəcəyi barədə şayiələr yayırlar. Bütün varlığı ilə Azərbaycana bağlı olan məşhur milyonçu mətbuat vasitəsi ilə bədxahlılara belə cavab verir: «Mən öz Vətənimi sevirəm. Gələcəkdə keçəcəyim imtahanlar nə qədər ağır olsa da, mən öz Vətənimdən əl çəkmərəm».
        Vətənpərvərliyin ən uca zirvəsi şəhidlikdir. Azərbaycanın yüzlərcə oğul və qızı Vətənin müstəqilliyi, sərhədlərimizin toxunulmazlığı naminə canlarını fəda edərək şəhidlik zirvəsinə yüksəlmişlər. Bakının ən uca yerində Şəhidlər xiyabanı yaradılıb. Burada uyuyan Əlif Hacıyev, Salatın Əsgərova, Çingiz Mustafayev kimi qəhrəmanlar Vətənə, Azərbaycana olan bağlılıqlarını həyatları ilə təsdiqləmişlər.
        «...bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam, Azərbaycan torpağının qüdrətdən, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünslərə qarşı duracağam...» Mən bu sitatı gənc şair Ülvi Bünyadzadənin «And»ından götürmüşəm. Ülvi gənc olsa da, Vətən naminə çarpışmağı özünün həyat amalı seçmişdi.
        Onun və sevimli şairimiz M.Müşfiqin taleləri arasında bir oxşarlıq var. Vətənini dərin məhəbbətlə sevən M.Müşfiq repressiya qurbanı oldu. Qəlbində doğma Azərbaycana özü boyda sevgi bəsləyən Ü.Bünyadzadə isə 1990-cı ilin 20 Yanvar gecəsində düşmən gülləsinə tuş gəldi. Bu oxşar talelər barədə düşünəndə acı-acı deyirik: Onlar həyatdan vaxtsız köçməsə idilər, daha neçə-neçə əsərlər yaradardılar. Təsəlli yerimiz isə M.Müşfiqin öz misralarındadır:
 
Vətənçin yaşayan, Vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır.
Top