Dağlıq Qarabağ uğrunda müharibədə, həmçinin dövlətçiliyimizə qarşı yönələn cəhdlərin qarşısının alınmasında xalqımızın neçə-neçə igid oğul və qızı misilsiz şücaətlər göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onların keçdikləri döyüş yolu müharibənin, gənc dövlətimizin tarixinin səhifələridir.
Mən xalqımızın qəhrəman övladlarından biri - gənc sərkərdə, polkovnik Rövşən Əkbərov barəsində söhbət açmaq istəyirəm.
Rövşən Əkbərov heç vaxt qəhrəman adını almaq üçün vuruşmamışdır. O, qəlbində Vətənə özü boyda sevgi gəzdirir, torpaqlarımıza göz dikən düşmənə kəskin nifrət bəsləyir, xaraktercə cəsurdur. Rövşən Əkbərov komandirlə əsgər arasında sərhəd yaradan, döyüşü təhlükəsiz mövqelərdən izləyən sərkərdələrdən deyil. O, komandirin şəxsi nümunəsini müharibənin əsas silahı sanır.
Azərbaycanın Milli Qəhrəmanı, general Rövşən Əkbərov 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. Balaca Rövşən məhəllə uşaqları ilə «Müharibə» oyunu oynamağı xoşlayır, valideynlərinə tez-tez böyüyəndə hərbçi olacağını bildirirdi. Niyyətin hara, mənzilin də ora, deyiblər. Rövşən Əkbərov 1982-ci ildə C.Naxçıvanski adına Xüsusiləşdirilmiş İbtidai Hərbi məktəbi, 1986-cı ildə M.V.Frunze adına Kiyev Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini bitirib və hərbi fəaliyyətə kəşfiyyat bölüyündə taqım komandiri kimi başlayıb. Onun döyüş yolu uzaq Əfqanıstandan keçib, burada apardığı döyüşlərin birində yaralanıb və göstərdiyi igidliyə görə «Qızıl Ulduz» medalı ilə təltif olunub.
Keçmiş ittifaq dağıldıqdan sonra Rövşən Əkbərov Milli Ordunun tərkibində ön cəbhəyə getmək, vuruşmaq istəyi ilə alışıb yanırdı. Lakin hərbi xidmətin də öz qayda-qanunları var, burada şəxsi istək heç də hər şeyi həll etmir. Rövşən Əkbərovun nümunəsində isə Əfqanıstanda aldığı yara onun ön xəttə getməsinin qarşısını kəsirdi.
Nəhayət, tale ona şans verir. 1991-ci ilin dekabrında onun çalışdığı Beyləqan Hərbi Komissarlığına belə məzmunda telefonoqramma daxil olur. «Xüsusi təyinatlı tabor yaratmaq üçün Əfqanıstanda qulluq etmiş zabitlər Müdafiə Nazirliyinə gəlsinlər».
Beləliklə, döyüşkən ruhlu zabit Rövşən Əkbərov arxa cəbhə ilə həmişəlik vidalaşır.
Milli Qəhrəman Rövşən Əkbərovun Şuşanın müdafiəsindən başlayan döyüş yolu müxtəlif cəbhələrdən keçmişdir. Onu əvvəlcə taqım, az sonra bölük komandiri və nəhayət, tabor komandirinin müavini təyin edirlər. Şuşanın müdafıəsi xüsusi təyinatlı tabor üçün çox ağır döyüş olur. Taborun şəxsi heyətindən cəmi 25-30 nəfər şəhərin müdafıəsindən salamat çıxmışdı...
1992-ci ilin avqustunda «əfqanlardan» ibarət taboru ermənilərin aramsız hücumlarına məruz qalan Sədərək qəsəbəsinə göndərirlər. Qəsəbənin müdafiəsində Rövşən Əkbərovun hərbçi istedadı, təşkilatçılığı üzə çıxır. Tezliklə düşmənin bütün atəş nöqtələri susdurulur.
1993-cü ilin yanvarında 28 yaşlı mayor Rövşən Əkbərov artıq xüsusi təyinatlı taborun komandiri idi. Onun rəhbərliyi altında xüsusi təyinatlı taborun 1993-1994-cü illərdə Füzuli, Beyləqan və Tərtər istiqamətlərində apardığı uğurlu döyüş əməliyyatları Qarabağ müharibəsində dönüş kimi qiymətləndirilir. Füzuli cəbhəsində xüsusi təyinatlı tabor düşməni 35 kilometr geri atmağa müvəffəq olmuşdur. 1994-cü ilin yazında Tərtər istiqamətində də eyni vəziyyət təkrarlanmışdır. Xüsusi təyinatlı tabor düşməni ağır itkilərə məruz qoyaraq onları geri çəkilməyə məcbur etmişdir.
Polkovnik Rövşən Əkbərovun komandiri olduğu xüsusi təyinatlı taborun döyüş və siyasi hazırlığı 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında ölkədə dövlət çevrilişinə cəhd göstəriləndə bir daha imtahana çəkildi. Həmin hadisələr zamanı taborun şəxsi heyəti qiyamçılara qarşı barışmaz mövqe tutaraq dövlətçiliyimizi sədaqətlə qorudular.
Milli Qəhrəman, iki dəfə «Azərbaycan bayrağı» ordeni ilə təltif edilmiş Rövşən Əkbərovun həyatı bizim üçün örnəkdir.