Xalqımızın, ölkəmizin zəngin keçmişi vardır. Respublikamızın ərazisində bu diyarın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyən çoxlu arxeoloji abidələr mövcuddur. Alimlərin Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər mağaralarda üzə çıxartdıqları arxeoloji tapıntılar tarixi Azərbaycan torpaqlarında ibtidai insanların formalaşdığını təsdiqləyir.
Heç təsadüfi deyildir ki, respublikamızın ərazisi «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.
Xalqımız təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycanın ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdır. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan ərazisində Manna, İskit, Atropatena və Albaniya kimi o dövr üçün qüdrətli sayılan dövlətlər mövcud olmuşdur.
VII əsrdə İslam dininin yayılması ilə Azərbaycan torpaqlarında ərəb xilafətinin hökmranlığı başlamışdır. IX əsrin ortalarından etibarən ərəb xilafətinin süqutundan sonra Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yaranmışdır. Lakin, bu dövlətlərin heç biri qüdrətli deyildi. Bunlar tez süqut etdilər və Azərbaycan Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil oldu.
Səlcuq imperatorluğunun dağılmasından sonra yaranan Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutur. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqları vahid dövlətin tərkibində birləşdi, Azərbaycan dilinin yayıldığı ərazilər genişləndi. XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyətinin daha yüksək səviyyəyə qalxdığını söyləmək mümkündür. Bu dövrdə Şərqdə böyük nüfuza malik Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin başında Azərbaycan sülalələri dayanırdılar. Uzun Həsənin dövründə Ağqoyunlu Yaxın və Orta Şərqin qüdrətli dövlətinə çevrilmişdi. Onun nəvəsi Şah ismayıl Xətayinin yaratdığı Səfəvi dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi. Burada Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə Azərbaycan sərkərdəsi Nadir şah gəldi. O, Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Lakin Nadir şahın güclü mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı və onun ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı.
XVIII əsrin sonlarından etibarən Azərbaycan İranla Rusiya arasında uzun sürən qanlı müharibələr meydanına çevrildi. Bu iki imperiya arasında 1813-cü ildə bağlanan Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrinə əsasən Azərbaycan iki yerə parçalandı. Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatıldı.
Rusiyanın və İranın yürütdüyü imperiya siyasəti xalqımızın azadlıq, müstəqil dövlət qurmaq arzularını səngidə bilmədi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu cümhuriyyət cəmi 23 aydan sonra süqut etsə də, Azərbaycanın dövlətçilik tarixində parlaq bir səhifə oldu.
Respublikamız 1920-1991-ci illərdə Sovet Sosialist Respublikaları Ittifaqı adlanan nəhəng dövlətin tərkibində yaşamışdır. Bu dövr ziddiyyətli bir dövr olmuşdur. Sovet hakimiyyəti illərində adət-ənənələrimizə, mənəvi dəyərlərimizə, dilimizə təzyiqlər göstərilsə də, xalqımız öz milli varlığını qorumağa nail oldu və böyük inkişaf yolu keçdi, elm-təhsil, mədəni inkişaf sahələrində sanballı nailiyyətlər qazandı.
Nəhayət, 1991-ci ildə xalqımız böyük xoşbəxtliyə qovuşdu - XX yüzillikdə ikinci dəfə özünün müstəqil dövlətini qurdu. 1991-ci ilin oktyabrından bəri Azərbaycan müstəqillik yolunda inamla irəliləyir, xalqımız öz taleyinin sahibidir. Müstəqil Azərbaycan ABŞ, Fransa, Almaniya, italiya, Türkiyə, Rusiya kimi qüdrətli dövlətlərlə diplomatik münasibətlər qurmuşdur. Bu gün üçrəngli bayrağımız Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatların iqamətgahları önündə əzəmətlə dalğalanır.
Eyni zamanda respublikanın daxilində böyük dəyişikliklər baş verir. Azərbaycan iqtisadi inkişaf tempinə görə bütün dünyada öncül mövqeyə çıxıb. Uğurlu neft siyasətinin sayəsində respublikamıza böyük miqdarda maliyyə vəsaitləri gəlir. Bu gün bütün Azərbaycanın geniş tikinti, quruculuq meydanına çevrilməsi, yeni istehsalatların işə salınması, təhsil sisteminin yeniləşdirilməsi, mədəniyyətin inkişafına qayğı göstərilməsi bizdə müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir. Azərbaycanın sabaha açılan pəncərəsi geniş və işıqlıdır. Mən bu pəncərədən müstəqilliyimizin getdikcə möhkəmlənməsini, ölkəmizin qüdrətinin artmasını görürəm.