Kitabların həyatımızdakı rolu barədə söhbət açmazdan əvvəl onların meydana gəlməsinin tarixinə nəzər salaq. ilk kitablar nə vaxt və hansı zərurətdən yaranmışdır?
Qədim dövrlərdə yenilikləri, baş verən mühüm hadisələri insanlara şəhərlərin, iri yaşayış məntəqələrinin küçələrini gəzən carçılar çatdırardılar. Lakin zaman ötdükcə bu üsul insanlara məhdud görünürdü və onlar yeniliklərin yayılmasının, ələlxüsus da onların qorunub gələcək üçün saxlanılmasının mükəmməl yollarını axtarırdılar. Dəri üzərində və ağac qabığında yazılan yazılar da etibarlı deyildi. Onları qoruyub saxlamaq çətin idi, başlıcası isə belə yazılar üçün çoxlu vaxt tələb olunurdu. Kağızın kəşfi isə müasir kitabların meydana gəlməsində əsl inqiiab oldu. Kağızda ilk kitablar təxminən 500 il bundan əvvəl çap edilmişdir. İohan Qutenberg 1440-cı ildə Almaniyada gizli şəkildə kağız kitab çap etməyə cəhd göstərmişdir. Bundan sonra kağız kitablar çap etməyin sirləri sürətlə dünyaya yayılmışdır. XV əsrin sonlarında, demək olar ki, bütün ölkələrdə bu üsulla kitablar buraxılırdı. Təbii ki, beş əsr ərzində kitab çapı, necə deyərlər, yerində saymamışdır. İllər ötdükcə kitab çapının daha mükəmməl üsulları meydana gəlmiş, kitablar forma və məzmun cəhətdən zənginləşmişlər.
Kitablar ilk növbədə biiik mənbəyidir. Onlar bizə zərrə-zərrə bilik xəzinəsinin sirlərini açır, beleliklə də, ömrümüzü daha mənalı edirlər. Şair demiş, kitabsız bir ömrün nə mənası vardır? Hər bir insan kitab oxuduqca kamilləşir, həyata baxışı dəyişir. ilk insan nə vaxt yaranmışdır? Cəmiyyət indiki səviyyəyə çatanadək hansı inkişaf yolu keçmişdir? Nə üçün təbiət daim dəyişir, gecə gündüzlə əvəzlənir? Kosmos necə fəth olunub? Insanların evlərdəki çox da böyük olmayan qutularda - radioda danışmaları, televizorda bizimlə həmsöhbət olmaları məgər möcüzə deyilmi? Son zamanlarda isə bütün dünyanı eyni şəbəkədə birləşdirən internet meydana gəlib...
Bu və digər proseslərin hamısı müəyyən elmi qanunauyğunluqlar əsasında baş verir və biz bunların barəsində bilgiləri kitablardan alırıq. Daha çox kitab oxumaq insanların həyatını asanlaşdırır. Kitablar bizə ətrafda baş verən hadisələrin səbəb-nəticə əlaqələrini öyrədir və biz bu bilikləri gündəlik həyatımızda, məişətimizdə tətbiq edib nailiyyətlər qazanırıq.
Heç təsadüfi deyildir ki, aqillər biliyi üstündə bol nemətlər olan zəngin süfrəyə bənzədirlər. Bu, zamanın sınağından çıxan həqiqətdir. ömrünü kitab oxumaqla keçirib bilik toplayanlar həyatda heç vaxt başqalarına möhtac qalmırlar. Onlar hara getsələr, hansı şəraitə düşsələr də, çətinlik çəkməyəcəklər - «bilik süfrəsi» həmişə onların xidmətində olacaq.
Elm, bilik yolu sonu olmayan bir yoldur. Bu yolda inamlı addımlar atmaq üçün hər kəsdən səbir, möhkəm iradə tələb olunur. Mən də çoxlu kitab oxuyub bilik xəzinəsinin sirlərinə daha dərindən yiyələnmək istəyirəm. Kiçik yaşlarımdan müəllimlərim, valideynlərim məndə kitablara böyük maraq oyatmışlar. Buna görə də bütün fənləri dərindən öyrənməyə səy göstərirəm. Bədii kitabları da çox sevirəm. Mən müxtəlif xalqların ədəbiyyatından seçilmiş əsərləri böyük maraqla mütaliə edirəm. Belə kitabları oxuduqca ayrı-ayrı xalqların tarixi, adət-ənənələri, müasir həyat tərzi barədə ətraflı məlumat toplayıram. Kitablar elə bil müxtəlif dərili, müxtəlif inanclı xalqları, insanları mənə daha yaxın edir. Sevə-sevə mütaliə etdiyim kitablara Alfons Dodenin hekayələrini, Aleksandr Dümanın «Səfillər», Mayn Ridin «Başsız atlı», Çingiz Aytmatovun «Dəniz kənarı ilə qaçan alabaş» əsərlərini misal göstərə bilərəm. Bu yaxınlarda Daniel Defonun «Robinzon Kruzo» kitabını oxuyub tamamlamışam. Əsərin qəhrəmanının iradəsi, həyata inamı məndə zəngin təəssürat oyatdı.
Əlbəttə, mən klassik və müasir Azərbaycan ədəbiyyatını da ardıcıl mütaliə edirəm. S.Vurğunun, M.Arazın, B.Vahabzadənin şeirlərindən, Azərbaycan xalq nağıllarından, dastanlardan ibarət toplular stolüstü kitablarımdır. Hər yeni kitabı oxuyub başa çatdırdıqda özümü xoşbəxt sanıram.